Mal dövriyyələrinin elektron qaimə-fakturalarla rəsmiləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir. Burada malların elektron qaimə-fakturalarla rəsmiləşdirilməsinin də rolu qeyd edilməlidir. Bəs elektron qaimə-fakturaların tətbiqi səviyyəsinin artırılması istiqamətində daha hansı məqamlara diqqət yetirilməlidir? Mövzu ilə bağlı suallarımızı cavablandırmaq üçün Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevə müraciət etdik.

Elektron qaimə-fakturanın tətbiqinə marağın artmasına baxmayaraq, elektron qaimə-faktura tərtib olunmazdan öncə malı (işi, xidməti) təqdim edən tərəfin mühasibi və ya həmin elektron qaimə-fakturanı hazırlamalı olan məsul işçisi kağız daşıyıcısında müvafiq ilkin uçot sənədlərini əldə etməlidir. Bu, vergi qanunvericiliyi sisteminə aid olmayan başqa hüquqi aktların tələbidir. Həmin sənədlər ciddi hesabat blankları, müəssisə daxilində tərtib olunan və ya ciddi hesabat blankları hesab edilməyən, lakin qanunla hazırlanması tələb olunan sənədlər ola bilər.