Ümidsiz borcların gəlirdən çıxılmasına icazə verilsə də, bu, bir çox şərtlərin gözlənilməsini tələb edir. Əksər vergi ödəyicilərinin təcrübəsində debitor borcu illərlə ödənilmir. Bu zaman vergi ödəyicisi həmin ümidsiz borcun xərc kimi nəzərə alınması üçün bir sıra şərtləri nəzərə almalıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2-ci maddədə qeyd edilib ki, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Vergi ödəyicisi ümidsiz borcu silmək üçün mütləq olaraq onu gəlir kimi tanımalıdır

İndi isə maddənin tələblərini aydınlaşdırmaq üçün vacib məqamlara misallarla diqqət yetirək:

Misal: Tutaq ki, "A" MMC qarşı tərəfə 20.000 manatlıq mal təqdim edib. Vergi ödəyicisi hesablama metodu ilə işlədiyi üçün həmin malların təqdim olunmasını gəlir kimi tanıyıb və vergi bəyannamələrində qeyd edib. Qarşı tərəf həmin məbləği ödəyə bilməzsə, 20.000 manatı ümidsiz borc kimi silə bilər. İkinci hala baxaq. Tutaq ki, "A" MMC kassa metodunu tətbiq etdiyi üçün 10.000 manatlıq malın dəyəri ödənilmədiyindən həmin satışı gəlir kimi tanımayıb. Alıcı təşkilat müflis olduğu üçün malların dəyərini ödəmək imkanı yoxdur. Artıq vergi ödəyicisi həmin 20.000 manatı gəlir kimi tanımadığı üçün ümidsiz borcu gəlirdən çıxılan xərcə daxil edə bilməz.