Vergi Amnistiyası təklifi: Dövlət və ekspertlərin yanaşmaları

Vergi Amnistiyası təklifi: Dövlət və ekspertlərin yanaşmaları

Xəbər verdiyimiz kimi,  19 fevral 2019-cu ildə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forum keçirilib. Forum zamanı maraqlı məqam yaşanıb. “Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov vergi amnistiyası ilə bağlı məsələ qaldırıb. Bu yazımızda vergi amnistiyası haqqıda fikirləri təqdim edəciyik.

Nuran Kərimov: “Vergi amnistiyasının sahibkarlara böyük tövhəsi ola bilər”

“Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru və Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov hər zaman olduğu kimi maraqlı təkliflə çıxış edib: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vergi amnistiyasının sahibkarlara böyük tövhəsi ola bilər. Məsələn, qonşu Rusiyada 3 il müddəti əhatə edən amnistiyanın nəticəsi olaraq, 10 milyardlarla dollar aktiv açıqlanaraq qeydiyyata alınıb. Ümid edirəm ki, müvafiq orqanlar bu təklifə baxarlar.”

Ölkəmizdə vergi amnistiyası tətbiq edilib... amma başqa formada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2016-ci il tarixli fərmanı ilə "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Vergi amnistiyası kimi təqdim edilən həmin qərara əsasən,  aşağıdakı qaydada borclar silinmişdi:

  • Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları;
  • Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları;
  • vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi;
  • vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar–fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi;
  • vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi.
    Göründüyü kimi, həmin qanun vergi ödəyicilərinin  yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarının silinməsini tənzimləyirdi. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

Mehdi Babayev: “Vergi ödəyicilərinin sənədsiz olan malları üzrə vergi amnistiyası elan edilsin”

Vergi amnistiyası məsələsi 21-22 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə nazirliyin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilən dəyirmi masada da qaldırılıb. Dəyərli ekspert Mehdi Babayev çıxışı zamanı təklif etmişdi ki, 01 yanvar 2019-cu il tarixə olan vergi ödəyicilərini sahibliyində olan bütün mallar üzrə vergi amnistiyası elan edilsin: “Vergi orqanları imkan yaratsın ki, vergi ödəyiciləri  hansı  hansı rəsmi formada bütün mallarını bəyan etsin. Vergi ödəyicisi malların alışını təsdiq edən malların sənədli vəya sənədsiz olmasından asılı olaraq rəsmi bəyan etmək imkanı yaransın. Bunun nəticəsi olaraq vergi ödəyici də gələcək dövriyyəsini rahat şəkildə rəsmiləşdirə biləcək.“

Samirə Musayeva: “Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə vergi amnistiyasının elementləri var”

Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün keçirilən mətbuat konfransında da Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayevaya vergi amnistiyası ilə bağlı bir sual ünvanlanmışdır ki, vergi yoxlamaları başlanmasına əsas verməməsi  üçün malların bəyan edilməsi öncədən edilsəydi daha yaxşı olmazdı: “Sahibkarlar gəlir və xərclərinin uçotunun düzgün aparılması məqsədi ilə 01 yanvar 2019-cu ildən leqal fəaliyyətə keçəndən maliyyə göstəricilərində kəskin artım gözləniləndir. Bu hal vergi orqanlarının səyyar yoxlamaları zamanı ötən 3 ilin göstəricilərinin aşağı olması ilə bağlı vergi ödəyicisinə vergidən yayınma ilə bağlı iddia qaldırılması əsasını verə bilərmi?”

Samirə Musayevanın fikrincə, vergi orqanın vergi nəzarət tədbirləri üçün əsaslandırılmış sübutları olmalıdır: “Təbii ki, vergi orqanın əlində əsaslandırımış sübut olarsa, həmin vergi ödəyicisinin vergi öhdəliyi bərpa olunacaq. Amma bu o anlama gəlmir ki, cari dövrdə maliyyə göstəriciləri artıbsa, vergi orqanı əsaslandırma olmadan ötən dövrlərə görə vergilər tələb edəcək”.
Samirə xanım bildirdi  ki, qanunvericilikdə vergi amnistiyası nəzərdə tutulmasa da, xüsusilə ticarət sektoru ilə bağlı biz amnistiya elementlərini görürük: "Dövriyyəsi 200 000 manatdan yuxarı olan ticarət sektoru 1 yanvar 2019-cu ilə kimi 6 faiz sadələşdirilmiş vergi ödəyirdisə, artıq 01 yanvar 2019-cu ildən etibarən məcburi olaraq ƏDV ödəyicisi olacaq. Qanunda keçid müddəası olmasaydı, həmin vergi ödəyicilərinin satdıqları bütün mallara görə ƏDV tətbiq etməli idilər. Amma keçid müdəası imkan verir ki, sahibliyindəki, hətta alış sənədləri olmayan mallar haqqında məlumatı qanunvericiliyin tələblərinə uyğun təqdim edərək, həmin mallara ƏDV dərəcəsini tətbiq etməmək hüququna malik olsun. Bu zaman həmin mallara görə vergi ticarət əlavəsinə tətbiq ediləcək. Bu da əslində amnistiyanın bir elementidir.”

Mikayıl Cabbarov: “Vergi amnistiyası ilə bağlı uğurlu və uğursuz təcrübələr olub”

Vergilər naziri Mikayıl Cabbarov da 18 fevral 2019-cu ildə keçirilən forumda vergi amnistiyası məsələsinə öz fikrini bildirib: “Vergilər Nazirliyinin işçi qrupunda vergi amnistiyası mövzusu müzakirə edilib. Amnistiya ilə bağlı dünyada uğurlu və uğursuz təcrübə olub. Biz bu təcrübələri bilirik və öyrənirik.” 
Göründüyü kimi, Vergilər Naziri vergi amnisitiyasının ölkəmizdə tətbiq olunacağı ilə bağlı konkret mövqe bildirməyib.

Hörmətli Həmkarlar, Sizcə, vergi borcu vəya sənədsiz mallar üzrə vergi amnistiyasının ölkəmizdə tətbiq olunmasına ehtiyac var?

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA


(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər