Rəsmi əmək müqaviləsi işəgötürənin işçi axınının qarşısını alacaq

İşçilərlə bağlanan əmək müqavilələrinin leqallaşdırılması nəticəsində tərəflər arasında münasibətlər artıq şifahı yox, rəsmi sənədlə tənzimlənəcək. İşəgötürən işçinin əmək funksiyasının və iş vaxtının düzgün uçotunu təşkil etməklə yanaşı, onun işinə daha məsuliyyətlə yanaşmasını təmin edəcək. İşçi rəsmi əmək müqaviləsinin müsbət təsirlərindən (əmək məzuniyyəti, maliyyə alətləri əldə etmək imkanı, müavinətlər və s.) faydalandığı üçün bu tip iş yerində daha uzunmüddətli çalışacaq ki, bu da işəgötürən üçün işçi axınının qarşısının alınmasına xidmət edəcək. İşçi ilə əmək müqavilələrinin rəsmiləşdirilməsi nəticəsində formalaşan əməkhaqqı fondunun xərcləri hesabına işəgötürənin hesabladığı mənfəət (gəlir) vergisinin azalması baş verəcək.

Misal:

1.000 manat əməkhaqqının rəsmiləşdirilməsi nəticəsində vergi ödəyicisinin 1.000 manat əməkhaqqı xərci formalaşır. Bundan əlavə, əməkhaqqı fonduna hesablanan məcburi dövlət sosial ayırması və işsizlikdən sığorta haqqı kimi müvafiq olaraq 164 manat (44 manat + (1.000-200) x 15%) və 5 manat (1.000 manat x 0,5%) icbari ödənişlər yaranır.

Vergi ödəyicisinin 1.000 manatlıq əməkhaqqı fonduna görə ümumi formalaşan xərci 1.169 (1.000+164+5) manat təşkil edəcək. Bu xərc maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olduğu üçün yekunda işəgötürən 233,80 manat (1169 manat x 20%) gəlir (mənfəət) vergisi ödəməkdən azad olacaq.

İşçi rəsmi əmək müqaviləsinin müsbət təsirlərindən faydalandığı üçün
bu tip iş yerində daha uzunmüddətli çalışacaq ki, bu da
işəgötürən üçün işçi axınının qarşısının alınmasına xidmət edəcək

Dividend gəlirləri üzrə vergi güzəşti əldə ediləcək

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azad edilir. Bu, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicilərinə şamil edilir.

İşəgötürən ciddi maliyyə sanksiyalarından qorunacaq

İşəgötürən əmək müqavilələrini rəsmiləşdirməklə böyük məbləğdə maliyyə sanksiyalarından azad olunur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bundan əlavə, əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı cəza tədbirləri Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Fəxriyyə İKRAMQIZI

"Vergilər" qəzeti

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]