Cümə axşamı, 21 İyun 2018 04:57

Dost biznes fəaliyyətində heç bir haqq almadan köməklik edə bilər?

Sual: Hostel açıb işlətmək istəyirəm. Binanı icarəyə götürəcəm. Dostum bu işlərdə mənə heç bir haqq almadan kömək edəcək. Bilmək istəyirəm ki, 1. Hansı vergiləri verməliyəm? 2. Dostumu mütləq işçki kimi qeydiyyata alırmalıyammi? Çünki ona heç bir pul ödəməyəcəm.
Asim Kazımlı, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Şəki şəhəri (20.06.2018)

Cavab: Bildiririk ki, vergi öhdəlikləriniz vergi uçotuna alınarkən təqdim olunan ərizənizdə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi olduğunuz və vergi tutulan əməliyyatınızın həcmi ardıcıl 12 ay (aylar) ərzində 200.000 manatdan artıq olmadığı halda xərclər nəzərə alınmadan rüb ərzində əldə olunan hasilatın həcmindən müvafiq dərəcələrlə (Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlarda 2 faiz) sadələşdirilmiş vergini, gəlir vergisinin ödəyicisi olduğunuz təqdirdə il ərzində əldə etdiyiniz gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisinı hesablayaraq ödəməlisiniz.
ƏDV ödəyicisi olduğunuz halda isə yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı göstərilən xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.
Bundan başqa, daşınmaz əmlakın icarəyə götürülməsinə görə icarəyə verən şəxs fiziki şəxs olduqda ona ödənilən icarə haqqından hər ay 14% dərəcə ilə ödəmə mənbəyində vergini tutub dövlət büdcəsinə ödəməlisiniz.
Digər şəxsin fərdi sahibkarlıqla bağlı işlərə cəlb edilməsi isə əmək müqaviləsi ilə rəsmiləşdirilməli, həmin şəxsə gördüyü işlərin müqabilində minimum əmək haqqından aşağı olmayan əmək haqqı ödənilməli və həmin əmək haqqından muzdlu işlə əlaqədar əldə olunan gəlir vergisi (aylıq gəlir 2500 manatadək olduqda 14% dərəcə ilə, 2500 manatdan artıq olduqda 350+2500 manatdan artıq olan hissədən 25% dərəcə ilə) hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Vergi öhdəlikləriniz barədə ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 13.2.34-cü, 13.2.37-ci, 33.1-ci, 33.4-cü və 34.1-ci maddələri,VIII, X, XI və XVII fəsilləri, Əmək Məcəlləsinin 7-ci, 9-cu, 12-ci, 42-ci, 154 və 155-ci maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın