Xarici ölkə şirkətinin nümayəndəliyinin vergi öhdəliyi

Xarici ölkə şirkətinin nümayəndəliyinin vergi öhdəliyi

Sual: Türkiyədə olan klinikanın Bakıda ofisi açılır və şirkət Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçir. Şirkətin məqsədi həmin klinikanı burda təmsil etmək və tanıtmaqdır. Bakıda görülən işlərdən şirkət heç bir gəlir əldə etmir. Lakin işçilərinin xərclərini ödəyir və ofis icarə haqqını. Bu halda şirkətin Vergilərə hansı öhdəliyi yaranır? Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda Vergilərə nəsə ödəniş etməlidirmi?

Ələsgərova Məlahət Rakif, [email protected], Bakı (20.04.2018)

Cavab:  Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır.

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlardan biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir.

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır.

Nəzərə almaq lazımdır ki, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilərsə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablana bilər.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14-cü, 83.9-cu, 104.2-ci, 108-ci, 130.1-ci, 155.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

0 Komment

    Şərh yazın

    Xəbərlər