Vergilər Nazirliyinə Gəlirdən çıxılmayan xərclər barəsində maraqlı sual

Vergilər Nazirliyinə Gəlirdən çıxılmayan xərclər barəsində maraqlı sual

Vergilər Nazirliyinin əməkdaşı səyyar yoxlama zamanı xərcin mahiyyətinə irad tutub həmin xərci ləğv etmək səlahiyyətinə malikdirmi?
 
Sual: Şirkət öz fəaliyyəti çərçivəsində müəyyən xərclər edib, Vergilər Nazirliyinin əməkdaşı səyyar yoxlama zamanı xərcin mahiyyətinə irad tutub həmin xərci ləğv etmək səlahiyyətinə malikdirmi? Vergi müfəttişinin belə bir səlahiyyət varsa, xərcin ləğv edilməsindən öncə hansı prosedurları həyata keçirməlidir və hansı sübütları əldə etməlidir?
 
Zərbəliyev İlkin Aslan, [email protected] (07.02.2018) 
Cavab: Bildiririk ki, səyyar vergi yoxlamasi zamanı qanunvericiliyə əsasən gəlirdən çıxılmasına yol verilməyən və ya qanunvericiliklə müəyyən olunmuş təsdiqedici sənədləri olmayan xərclərin gəlirdən çıxılması, Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada bazar qiymətinin tətbiqi şərtlərinə riayət edilməməsi və s. bu kimi hallar aşkar edilərsə vergi orqanı əməkdaşları tərəfindən xərclər qanunamüvafiq surətdə azaldılaraq yoxlamanın nəticələrini rəsmiləşdirən “Səyyar vergi yoxlaması aktı”nda əks etdirilə bilər. Bu zaman əldə edilmiş əlaqəli məlumatlar (sifarişçi təşkilatlarla bağlanmış müqavilələr, onlara təqdim edilmiş invoyslar, bank çıxarışları və sair) akta əlavə olunur. Vergi ödəyicisi yoxlama aktı ilə razı olmadıqda yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.
 
Akta və ona əlavə olunmuş materiallara baxılmasının nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərinin müavini)  şəxsin məsuliyyətə cəlb edilməsi və ya bundan imtina edilməsi və ya əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlardan birini qəbul edir.
 
Bax: Vergi Məcəlləsinin 38-ci və 39-cu maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”.

0 Komment

    Şərh yazın

    Xəbərlər