Tanınmış hüquqşünasdan nağdlaşdırma üzrə 1% dərəcəsi ilə olan sadələşdirilmiş verginin neqativ tərəfi haqqında açıqlama

Tanınmış hüquqşünasdan nağdlaşdırma üzrə 1% dərəcəsi ilə olan sadələşdirilmiş verginin neqativ tərəfi haqqında açıqlama

Yeni nazirin ixtisasca hüquqşünas olması bu vergi növünün gələcəkdə ləğvinə şərait yaradacaq?
 
Tanınmış Hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə növbəti dəfə nağdlaşdırma üzrə 1% dərəcəsi ilə olan sadələşdirilmiş verginin qanunsuz olmasından həmçinin mənfəət vergisinə neqativ təsirindən danışıb:
“Hüquqi şəxslərin mənfəət vergisi vergi daxilolmalarında təxmini 25% təşkil edərək ƏDV-dən sonra 2-ci yeri tutur. Vaxt var idi 35%-lə 1-ci yerdə idi. Ola bilər ki, bu ilin nəticələri üzrə göstərici daha da aşağı olsun (proqnoza görə 2,179 mlrd. manat yığılmalıdır). Səbəb: nağdlaşdırma üzrə 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş vergidir. Belə ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil. Deməli, hüquqi şəxs mənfəətinin bank hesabından nağd çıxarılan hissəsi üzrə 1 faiz sadələşdirilmiş vergi ödənilirsə, həmin məbləğ üzrə artıq 20% dərəcəli mənfəət vergisi ödənilməməlidir. Təbii, 19 faiz vergi qənaəti məqsədi ilə istənilən hüquqi şəxs sözügedən addımı ata bilər və bu da tam qanuni olacaq, nəticədə dövlət büdcəsi xeyli gəlirdən məhrum ola bilər.
Məsələn, tutaq ki, hüquqi şəxsin 150.000 manat mənfəəti var. Adi qaydada 30.000 manat (20%) mənfəət vergisi ödəməlidir. Amma 100.000 manat nağdlaşdırılıb və buna görə 1% dərəcəsi ilə 1.000 manat sadələşdirilmiş vergi ödənilib. Deməli, həmin 100.000 manat üzrə mənfəət vergisi ödənilməyəcək, yalnız 50.000 manat üzrə 10.000 manat ödəniləcək. Nəticədə büdcə 30.000 manat əvəzinə cəmi 11.000 manat qazanmış olacaq. Təbii, hüquqi şəxs mənfəətinin hamısını da nağdlaşdıra bilər və bu halda mənfəət vergisi heç ödənilməyəcək. Gətirdiyim misal üzrə 150.000 manatın hamısı nağdlaşdırılsa, cəmi 1.500 manat sadələşdirilmiş vergi ödəniləcək. Başqa sözlə, büdcə 30.000 manat əvəzinə cəmi 1.500 manat qazanmış olacaq.
Bütün bunlar nağdlaşdırma üzrə 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin hüquqi qanunsuzluğu və məntiqi absurdluğu ilə yanaşı, iqtisadi cəhətdən nə qədər əsassız və zərərli olduğunu bir daha göstərir. Bu barədə dəfələrlə fikrimi bildirmişəm və növbəti ildə də həmin verginin qanunsuz elan edilməsi üzrə mübarizəni davam etdirəcəyəm...”
Statusa yazılan qeydlərdə Əkrəm Həsənov yeni nazirin əvvəlkindən fərqli olaraq hüquqşünas təhsilli olduğunu işarə edərək, gələcəkdə bu vergi növünün gələcəkdə ləğv olunmasına işarə edib: “Yeni nazir əvvəlkindən fərqli olaraq, hüquqşünasdır”
 

0 Komment

    Şərh yazın

    Xəbərlər