Sahib Məmmədov: "İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşların əmək bazarına təkrar qayıtmasını təmin etməkdir"

Sahib Məmmədov: "İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşların əmək bazarına təkrar qayıtmasını təmin etməkdir"

 Özündən asılı olmayan səbəblər üzündən iş yerini itirmiş şəxslər işsizlikdən sığorta sistemindən bəhrələnmək üçün hansı prosedurlardan keçməlidirlər? Sualı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov şərh edir:

«Bu məsələ «İşsizlikdən sığırta haqqında» Qanunda, eləcə də Nazirlər Kabinetinin təsdiq etdiyi hüquqi-normativ aktlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq təlimatlarında əhatəli şəkildə öz əksini tapıb. Mövcud qaydalara əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. İşsizliyə görə sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılan İşsizlikdən Sığorta Fondu tərəfindən verilir. Yeni qanunun tətbiqi ilə əlaqədar olaraq, indiyədək verilən işsizlik müavinətləri də yeni qaydalarla tənzimlənəcək və həmin fond tərəfindən maliyyələşdiriləcək. Amma işsizlikdən sığorta ödənişləri işəgötürənlə əmək müqaviləsinin müddəti başa çatmış şəxslərə şamil edilməyəcək. Çünki yeni qanunda belə hallar üçün işsizlik sığortasından yararlanmaq nəzərdə tutulmayıb. Yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işini itirən və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar fondun imkanlarından faydalana biləcəklər. Bu standartlara uyğun olmayan işsizlər isə fondun digər imkanlarından yararlana bilərlər».

 «İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş hər bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti 9 aydan artıq ola bilməz. Əgər işsiz iş yerini itirdiyi gündən etibarən 24 ay ərzində münasib işlə təmin edilməzsə, bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququna malikdir. Əgər ailədə həm ər, həm də arvada sığorta ödənişi təyin edilirsə, bu zaman onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir.

S.Məmmədov qeyd edib ki, bu proseslə hazırda 5 faiz səviyyəsində olan işsizliyin aradan qaldırılacağı gözlənilir. İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşların uzun müddət sığorta ödənişi almasını yox, onun əmək bazarına təkrar qayıtmasını təmin etməkdir. Yeni qanuna görə, müəssənin ləğvi və ştatların ixtisarı nəticəsində işsiz qalan şəxslər müraciət etdikdə onlara iki müvafiq iş təklif olunacaq, təklifi işsiz şəxs tərəfindən rədd edilərsə, o, müavinət almayacaq. Müraciət edən şəxslərə müvafiq iş təklif olunmadıqda, onlar müavinət almağa iddia edə bilərlər. Lakin onların iddia etmələri bunun mütləq müavinət almaqla nəticələnəcəyi demək deyil. Bunun üçün işsizlikdən sığorta ödənişlərinə iddia edən şəxsin tələbləri qanunda göstərilən şərtlərə tam cavab verməlidir.

Mənbə: "Vergilər" qəzeti

0 Komment

    Şərh yazın

    Xəbərlər