İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya 6 il üzrə olarsa...

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya 6 il üzrə olarsa...

Sual: İşdən çıxarkən son haqq-hesab alarkən məbləğin 2.500 nanatdan artıq olması nəticəsində gəlir vergisini 25 faiz dərəcə ilə tutmuşlar. Lakin həmin məbləğ 6 (altı) il istifadə etmədiyim məzuniyyət günlərinə görə hesablanmışdır. Xahiş edirəm gəlir vergisinin tutulması qaydaları barədə məlumat verəsiniz. Son haqq hesabdan həmkarlara ayırmalar tutulmalıdırmı?
Əhmədov Qadir Ağəhməd, [email protected], Ağsu şəhəri  (05.09.2017)
 
Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəliri əhatə edir.
Muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faizi dərəcəsi ilə gəlir vergisi tutulur.
Əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər iş ili üzrə ayrı-ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur.
Muzdlu işdən gəlir əldə edən şəxslərin aylıq əmək haqlarından gəlir vergisi ilə yanaşı işəgötürən tərəfindən 3 faiz məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları, habelə həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından bundan əlavə müəyyən edilmiş faizdə üzvlük haqları hesablanaraq tutulur.
Bax: Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci maddələri, Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununu.

0 Komment

    Şərh yazın

    Xəbərlər