Yeni strukturun faydası: Qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayı AZALDILACAQ

Yeni strukturun faydası: Qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayı AZALDILACAQ

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində geniş struktur islahatları həyata keçirilib. Məqsəd Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulmasıdır.
Bəs bu dəyişikliklər sahibkarlığa nə vəd edir?
 Nazirlikdən FED.az-a verilən məlumata görə, Vergilər Nazirliyinin strukturundakı ən vacib institusional yeniliklərdən biri Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsi yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Yeni idarənin yaradılması faktiki olaraq, vergi orqanlarında müstəqil arbitr funksiyalarına malik yeni bir appelyasiya institutunun formalaşmasına gətirəcək. Vergi orqanlarının fəaliyyətindən inzibati şikayətlərin baxılması, bütövlükdə şikayət institutu bir struktur altında cəmləşdiriləcək.
Qeyd edilməlidir ki, sonuncu dəyişikliyə qədər Vergilər Nazirliyinə olan şikayətlərin baxılması qaydası belə müəyyənləşdirilmişdi: sahibkar yerli vergi orqanlarının fəaliyyətindən, qərar və aktlarından narazı qaldığı halda, üst vergi orqanına, yəni Vergilər Nazirliyinə müraciət edirdi.  Yerli orqanların qərarlarına öz səlahiyyətləri çərçivəsində nəzarət edən struktur vahidi həmin işlər üzrə olacaq şikayətlərə baxır, şikayətləri “İnzibati icraat haqqında” və “Vətəndaş müraciətləri haqqında” qanunların əsasında baxır, araşdırır və ona hüquqi qiymət verirdi.

Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apelyasiya institutunu təkmilləşdirməklə baş vermə ehtimalı yüksək olan korrupsiya elemetlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: “Bu struktur dəyişikliyi ilə inzibat şikayətə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulması, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılması, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılması məqsədini daşıyır”.

Yeni apelyasiya sistemində İnzibati şikayətlərə baxan struktur yerli orqanların fəaliyyəti, qəbul etdiyi qərarların qanunvericiliyə uyğun olub-olmamasını araşdıracaq, nöqsanlar müəyyən edildiyi halda, qərarlara məsul olan vergi orqanları əməkdaşları barədə müvafiq intizam tənbehi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq. Bu zaman inzibati şikayətlərə funksional rəhbərliyi həyata keçirən yuxarı orqan tərəfindən deyil, arbitir rolunda çıxış edən yeni struktur tərəfindən baxılacaq. Bu addımlar nəzarət tədbirini həyata keçirən yoxlama strukturları ilə vergi ödəyicisi arasındakı münasibətlərin normallaşdırılması, vergi ödəyicisi, vergi əməkdaşı və rəhbər strukturun münasibətlərinin açıq və bərabərhüquqlu səviyyəyə gətirilməsi məqsədi daşıyır.
N.Alimovanın sözlərinə görə, yeni apelyasiya sisteminin qurulması həm də sistemin diaqnostikasını həyata keçirməyə, bilavasitə vergi ödəyicisi ilə əlaqədar yerli vergi orqanlarının və onların işinə nəzarət edən strukturların işini nə dərəcədə keyfiyyətli qurmasını qiymətləndirməyə və Vergilər Nazirliyinin bu sahədə strategiyasını daha şəffaf və düzgün qurmağa imkan verəcək.

Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, vergi sistemində korrupsiya hallarının kökündən kəsilməsi üçün ciddi addımlar atılır və sahibkarlar onları narahat edən ən xırda məsələlərlə bağlı, xüsusən korrupsiya halları, vergi əməkdaşlarının hərəkət və hərəkətsizliyi ilə bağlı bütün mövcud kommunikasiya vasitələri ilə, o cümlədən 195-1 Çağrı Mərkəzi, Vergilər Nazirliyinin rəsmi internet saytında olan əlaqə kanalları vasitəsilə yazılı müraciət edə bilərlər.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 
 
 


 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər