Çərşənbə, 11 Dekabr 2019 06:53

Son dəyişlik: Elektron qaimə-fakturanın 7 yox 9 növü olacaq (SİYAHI)

Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar 2020-ci ildən elektron vergi hesab-fakturası tam şəkildə elektron qaimə-faktura ilə əvəz olunaraq, vahid sənəd formasında təqdim ediləcək. Bununla yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fərqləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu dəyişikliklərin edilməsi sahibkarlar və mühasiblərlə görüşlərin nəticəsində qərara alınıb.

Yeni dəyişikliyi "vergiler.az" saytı üçün şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, 2017-ci ildə elektron qaimə-fakturanın tətbiqindən sonra sahibkarların və mühasiblərin işi artdı. Çünki onlar malların təqdim edilməsini, xidmətlərin göstərilməsini və işlərin görülməsini təsdiq etmək üçün eyni məlumatları həm vergi hesab-fakturası, həm də elektron qaimə-fakturada təqdim edirdilər. Gələn ildən isə sahibkarların bu işi asanlaşdırılacaq: "Əslində, eyni məlumatlar - malların dəyəri, ölçüsü, ƏDV-nin hesablanması və digər məlumatlar elektron qaimə-fakturada göründüyünə görə vergi hesab-fakturasına ehtiyac yox idi.

Mühasiblərin elektron qaimə-fakturanın yazılması ilə bağlı da ciddi problemləri var idi. Malların satışı, təqdim edilməsi zamanı elə vəziyyətlər olur ki, bəzən mallar təqdim olunur, əslində isə real satış prosesi getmir. Biz buna komisyon qaydasında malların satışı deyirik. Məsələn, şirkət malları gətirib mağazalarda vitrinə qoyur, lakin bu o demək deyil ki, həmin şirkət bu malları artıq satıb. Çünki malların geri qaytarılması prosesi də var. Bu zaman elektron qaimə-fakturanı yazan şirkət çətinlik çəkirdi. Çünki yalnız satış qaiməsi vardı və bu qaiməni yazan kimi avtomatik vergi hesablanırdı. Artıq yeni qaydalarda malların satışı ilə yanaşı, malların geri qaytarılması qaimə-fakturası da olacaq ki, bu da müəssisələr və mühasiblər üçün asanlıq yaradacaq. Artıq geri qaytarma qaiməsində nə qədər malın geri qaytarıldığı göstəriləcək və həmin hissəyə vergi hesablanmayacaq".

Yeni qaydalara əsasən, vergi ödəyicisi aparılan əməliyyatların xarakterinə görə doqquz növ elektron qaimə-faktura verə biləcək:

1) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
2) malların qaytarılması barədə;
3) malların qaytarılması istisna olmaqla, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi barədə;
4) malların agentə (komisyonçuya) verilməsi barədə;
5) agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilməsi barədə;
6) agentin (komisyonçunun) malları sahibinə qaytarması barədə;
7) malların emala qəbul edilməsi barədə;
8) emal prosesi keçmiş malların qaytarılması barədə;
9) Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, ƏDV əməliyyatları barədə.

  • Vergilər Nazirliyinin Vergi siyasəti Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev bildirib ki, yeni dəyişiklik vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədi daşıyır : "ƏDV ödəyiciləri tərəfindən ƏDV-nin hesablanmasını və ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi məqsədilə də alınmış elektron qaimə-fakturalar əsas sənəd olacaq. Əgər bu vaxta qədər elektron qaimə-faktura yalnız mal, iş, xidmət təqdim edilməsini həyata keçirən sənəd idisə, gələn ildən elektron qaimə-faktura vergi ödəyiciləri arasında malların ümumən hərəkətini tənzimləyən ilkin uçot sənədi kimi çıxış edəcək.

    Bu vaxta qədər təqdim edilən elektron qaimə-fakturalar üzərində hər hansı dəyişiklik olurdusa (məsələn, satılmış malların qiymətində artım, azalma), eyni zamanda mal partiyasının həcminin sonradan alıcı tərəfindən satıcıya geri qaytarılması zamanı elektron qaimə-faktura dəqiqləşdirilmiş şəkildə tərtib olunurdu və satıcı tərəfindən təqdim olunurdu. Artıq çevik sənədləşmə qaydalarını təmin etmək üçün vergi ödəyicisi aparılan əməliyyatların xarakterinə görə elektron qaimə-faktura verə biləcək".

    Qeyd edək ki, 1 yanvar 2020-ci ildən elektron qaimə-fakturanı göndərən şəxs qarşı tərəfin razılığı olmadan sənədi ləğv edə bilməyəcək.

    Səbuhi TURAN

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın