Çərşənbə, 24 İyul 2019 07:15

Vergilər Nazirliyinin rəsmi cavabı narazılığa səbəb oldu

Vazeh Cəmi: “Bu cür sənədləşmə ticarət mərkəzlərində fəaliyyəti göstərən şəxslərin vergidən yayınmasına münbit şərait yaradır.”

“Sual-cavab” rubrikasına ünvanlanan suala Vergilər Nazirliyinin cavabı birmənalı qarşılanmayıb. Tahirə Məmmədova adlı həmkarımızın ““Sədərək” Ticarət Mərkəzindən alış aktı ilə mal alıb satmaq mümkündürmü?” sualına vergi orqanın cavabı müzakirələrə səbəb olub: “Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.”

Doğrudur, Vergilər Nazirliyinin cavabında “Sədərək” Ticarət Mərkəzinin adı qeyd olunmasa belə, Nazirliyin mövqeyi birmənalı qarşılanmayıb. Rezident media qurumunun maliyyə və insan resursları departamentinin rəhbəri Vazeh Cəmi vergi orqanının cavabına etirazını bildirib: “Vergi ödəyiciləri olan alıcılar “Sədərək” TM-dən mal aldıqda “Malların alış aktı” tərtib olunması fikri yalnış yanaşmadır. Bu cür sənədləşmə ticarət mərkəzlərində fəaliyyəti göstərən şəxslərin vergidən yayınmasına münbit şərait yaradır. “Sədərək” TM-də mal təqdim edən şəxs, vergi uçotuna durmalıdır və vergi ödəyicisinə elektron qaimə-faktura təqdim etməlidir. Çünki həmin biznes obyektində heç kəs öz şəxsi əmlakını satmır. “Malların alış aktı” yalnız kənd təsərrüfatı istehsalçıları və şəxsi əmlakını satan şəxslərə münasibətdə tətbiq edilməlidir”

Şərh yazın