İyunun 12-də Bakıda 200-dən artıq müxtəlif yerli və xarici şirkətin maliyyə menecerlərinin, mühasiblərin, auditorların, dövlət strukturlarının rəhbər vəzifəli şəxslərinin və KİV nümayəndələrinin iştirakı ilə III Milli Mühasiblər Forumu keçirilib.

Forumda çıxış edən Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev tədbir iştirakçılarına "audit" anlayışının tərifi, fikrin geniş maliyyə auditoriyasında qavranışı, məcburi audit və məcburiliyinin səbəbləri ilə bağlı məlumat verib.

Qanunvericilik və layihələrdə auditor hesabatı, yəni auditor rəyi audit subyektinin maliyyə vəziyyəti, maliyyə hesabatlarının doğruluğu, mühasibat uçotunun ümumi vəziyyəti barədə auditorun rəyi ifadə olunan və auditin sifarişçisinə ünvanlanan, bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd kimi qəbul edilir. Biz bu cümləni parçalasaq, aşağıdakı vəziyyət alınır:

  • audit - subyektin maliyyə vəziyyəti barədə rəydir (peşəkarın fikridir);
  • maliyyə hesabatlarının doğruluğu barədə rəydir (peşəkarın fikridir);
  • mühasibat uçotunun ümumi vəziyyəti barədə rəydir (peşəkarın fikridir);
  • auditin sifarişçisinə (təsisçilərə, səhmdarlara) ünvanlanan rəsmi sənəddir;
  • bütün hüquqi və fiziki şəxslər üçün rəsmi sənəddir;
  • dövlət hakimiyyəti və idarəetmə orqanları üçün rəsmi sənəddir;
  • məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Bu cür çəkisi olan və dövlət qurumları üçün hüquqi əhəmiyyətli hesab edilən auditor rəyinin alınmasından, yəni belə bir şəffaflıq və düzgünlük şəhadətnaməsindən müəssisələr yayınmamalıdırlar.

Kənar audit zamanı müşahidə olunanlar
M.Babayevin sözlərinə görə, hazırkı vəziyyətdə məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin əksəriyyəti öz maliyyə hesabatlarının düzgünlüyü üçün ya kənar auditor cəlb etmir, ya da cəlb etdiyi auditordan tələbləri qanunauyğun olmur: "Hazırda təsərrüfat subyektlərində kənar auditin həyata keçirilməsi zamanı bir sıra neqativ hallar baş verir. Məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin siyahısının konkretləşdirilməsi çətin olur, əsasən də MMC-lərdə auditin məcburiliyi məsələsi tam aydın deyil. Cərimələrin tətbiqi həyata keçirilmir və bunun bir daha olmayacağına daha çox inam var. Mühasibat, vergi və digər aidiyyəti qanunvericilikdə intensiv köklü dəyişikliklərin aparılması psixoz təsirlərə gətirib çıxardığından normativləri maksimum stabilləşdirmək lazımdır".

M.Babayev bildirib ki, auditoru rəy verməyə çağırmazdan əvvəl onun maliyyə hesabatlarını hazırlamağa cəlb edilməsi məqsədəuyğundur: "Müəssisələrdə vergi məqsədli uçota əsaslanan “maliyyə hesabatları” hazırlanır və belə hesabatlara müsbət rəylər verilir. Bununla da tam uçotun tərkibində hələ də “qara” uçotun olması və bununla da "ağ" uçotun reytinqinə münasibətin azalması da qaçılmaz olur".

Auditor qeyd edib ki, "böyük dördlük" daxilində sadalanan auditor təşkilatlarının üstün tutulması yerli təşkilatların inkişafına mənfi təsir edir: "Bəzən təsərrüfat subyektlərində bir qorxu yaranır ki, auditi dördlükdən biri aparmasa, hesabatlara inam az olacaqdır. Süni inandırma məsələlərində də dördlükdən istifadə edə bilərlər və bu, yerli auditorlara münasibətə kölgə sala bilir".

Digər bir məsələnin səhmdarların audit proseslərinə cəlb edilməməsi ilə bağlı olduğunu deyən M.Babayev vəziyyətin ürəkaçan olmamasının bəzi auditorların öz işini mükəmməl apara bilməməsi ilə əlaqələndirib: "Auditorların, xüsusən də yerli sərbəst auditorların peşəkarlıq səviyyəsində problemlər mövcuddur. Lisenziya almış auditorlar mütləq bilgilərinin artırılması istiqamətində çalışmalıdırlar. Artıq rəy vermək yox, rəy-hesabat hazırlamaq vaxtıdır. Auditora "revizor" kimi baxılmamalı, o, özünü yoxlama orqanının əməkdaşı obrazında aparmamalıdır. Bu, qorxunu və inkarı yaradan amildir. Müəyyən jestlər, yanaşmalar, təpkilər, səlahiyyətlərindən sui-istifadə və s.

Auditora "dost" kimi baxılması da qeyri-qanunidir. Auditor "dost" oldusa, maliyyə hesabatlarına güzəştlə baxacaq, əsasən də vergi məsələlərindəki problemlər qabardılmayacaq. Auditor müsbət rəy verirsə, vergi orqanı isə vergidən yayınmalar aşkar edirsə, bu da auditin işinə kölgə salır.

Auditorun əlavə xidmətləri hansılardır?
M.Babayev qeyd edib ki, qanunvericilikdə maliyyə-təsərrüfat sahəsində yoxlama keçirmək (rəy vermədən), ekspertiza və təhlil aparmaq, biznes sahəsində məsləhətlər vermək, əmlakın qiymətləndirilməsi, kənar idarəçilik funksiyalarının həyata keçirilməsi, ekoloji audit, informasiya texnologiyaları və digər auditlər, vergi və hüquq xidmətləri, mühasibat uçotunun bərpası, aparılması və qurulması, daxili audit xidmətinin təşkili, həyata keçirilməsi və qiymətləndirilməsi, sərbəst auditorun peşə fəaliyyətinə uyğun olaraq digər xidmətlər də auditorun əlavə xidmətlərinə aid edilir: "Burada diqqət yetirilməli bir məqam vardır. Əgər təsərrüfat subyektlərində mühasibat uçotunun bərpası, aparılması və qurulması, daxili audit xidmətinin həyata keçirilməsi, maliyyə hesabatları məqsədləri ilə əmlakın qiymətləndirilməsi üzrə əlaqəli xidmətlər göstərmiş auditorun həmin subyektdə audit aparmasına yol verilmir. Yəni, məsələn, müştərisinin maliyyə hesabatlarını hazırlayan auditor həmin müştəri üçün auditor rəyi verə bilməz, bu, yolverilməzdir".

Vergiler.az
Fəxriyyə İKRAMQIZI

 

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər barədə" bəyannamə, Sosial və işsizlikdən sığorta hesabatlarının doldurulması qaydaları izah edilən bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]