Kənd təsərrüfatına verilən güzəştin müddəti artırılmayacaq?

Kənd təsərrüfatına verilən güzəştin müddəti artırılmayacaq?

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev: "Güzəşt vergi ödəyiciləri arasında diskriminasiya yaradır"

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi  Akif Musayev kənd təsərrüfatında müddətli vergi güzəştlərinin tətbiqinin rolunu şərh edərkən bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsa­lını artırmaq, bu sahənin inkişafına dəstək vermək məqsədilə belə bir güzəştə həmin vaxt ehtiyac var idi və kənd təsərrüfatı ölkənin aparıcı sahələrindən biri olduğundan dövlət bu sahənin inkişafında maraqlı idi: «Ona görə də həmin sahənin vergidən azad olunması ilə bağlı stimullaşdırıcı hal olaraq  kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin  verilməsi haqqında müvəqqəti qanun qəbul olundu və vergi güzəştləri üçün tətbiq edilən müddət 2014-cü ilə qədər uzadıldı. Onu da qeyd edim ki, belə güzəştlər təkcə kənd təsərrüfa­tında deyil, ölkənin digər aparıcı sahələrində də tətbiq olunub...»
A.Musayevin sözlərinə görə, heç bir güzəşt daimi deyil və kənd təsərrüfatının yüksək inkişafına nail olunduğu təqdirdə, o güzəşt də ləğv edilə bilər: «Amma hazırda bu məsələ müzakirə olunmur və 2014-cü ilə qədər həmin güzəşt qüvvədədir».
Güzəştdən heç kimin özxoşuna imtina etməyəcəyini deyən idarə rəisi hesab edir ki, güzəşt olacağı müddətdə hamı bundan yararlanacaq. A.Musa­yevin mövqeyinə görə, bütövlükdə güzəşt vergi ödəyiciləri arasında diskriminasiya yaradır, vergi ödəyi­cisinin fəallığını azaldır  və ödəyici öz qarşısında rəqib görmür: «Bu mənada, güzəşt iqtisadi inkişaf üçün o qədər də əlverişli addım deyil. Bütün beynəlxalq qurumlar belə güzəştlərin əleyhinədir. Hesab edirəm ki, güzəştin əvəzinə subsidiyaların verilməsi daha məqsədəuyğundur»...
Qeyd edək ki, əhaliyə verilən güzəşt və imtiyazlar hesabına yığılmamış ver­ginin həcmi yığılan verginin həcminin təxminən 25-30%-i qədərdir.
Vergi güzəştlərinin kənd təsərrüfatına nəticələri barədə  qəzetimizə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rafiq Məcidov vergi güzəştləri nəticəsində kənd təsərrüfatında xərclərin 10%-dək azalmasına imkan yarandığını dedi. Onun sözlərinə görə, vergilərin ləğv olunması nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları təkcə 2010-cu ildə dövlət büdcəsinə 164,1 mln. manat vergi ödəməkdən azad edilmişdir: hüquqi şəxslərdən mənfəət vergisi 24, 6 mln., hüquqi və fiziki şəxslərdən əlavə dəyər vergisi 126,1 mln., hüquqi şəxslərdən sadələşdirilmiş vergi 6,3 mln., hüquqi şəxslərdən əmlak vergisi 5,7 mln., fiziki şəxslərdən gəlir vergisi 1,4  mln. manat təşkil edib.
R.Məcidov bildirmişdir ki, kənd təsərrüfatı sahəsində aparılan iqtisadi siyasətin nəticəsi olaraq taxıl istehsalı 2000-ci ilə nisbətən 2010-cu ildə 1,3 dəfə, kartof istehsalı 2 dəfə, meyvə-tərəvəz istehsalı 1,5 dəfə, bostan məhsullarının istehsalı  1,7  dəfə, üzüm istehsalı 1,7 dəfə, şəkər çuğunduru istehsalı 5,4 dəfə, ət istehsalı 2,3 dəfə, süd istehsalı 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artmışdır: «Kənd təsərrüfatı məhsulları istehsalçıları dövlət tərəfindən verilmiş vergi güzəştlərindən bəhrələnməsi nəticəsində  məhsulların maya dəyəri xərclə­rinin və qiymətlərin aşağı düşməsinə və məhsul bolluğunun yaranmasına gətirib çıxarmışdır.

"Vergilər" qəzeti

0 Komment

    Şərh yazın

    Xəbərlər