Nazirlər Kabinetindən artiq vergi ödəmələrin qaytarılması ilə bağlı dəyişiklik

  • PDF faylını al

Yeni dəyişikliyə əsasən, artiq verginin qaytarılması müddəti azadılıb
 
Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, Qaydaya əsasən indiyə qədər hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 45 gün ərzində ona qaytarılıb. Dəyişikliyə əsasən bu müddət 20 günə endirilib.
Digər tərəfdən, bu vaxta qədər Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti beş aya keçirilib və bu ayların ödəmələrinə aid edilib, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində qaytarılıb. Bundan sonra isə digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçiriləcək və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılacaq. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılacaq.
 
Qeyd edək ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na edilən dəyişikliklər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli fərmanının icrası ilə bağlıdır.