Hansı tip malların ölkəmizdən aparılmasına qanunvericilik icazə vermir?

  • PDF faylını al

“Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi” qaydalarına əsasən, Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş malların siyahısı aşağıdakı kimidir:
Aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
radioaktiv maddələr;
narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
narkotik vasitələrin , psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər.