Bəd xəbəri doğmalara necə çatdırmaq olar

  • PDF faylını al

MK”nın PSİXOLOQU: “HƏQİQƏTI SEVDİYİMİZ İNSANLARDAN GİZLİ SAXLAMAQLA, DOĞRUDANMI BIZ ONLARI ƏZAB ÇƏKMƏKDƏN QORUYURUQ

Sual: Bu yaxınlarda məlum oldu ki, diş həkiminin məsuliyyətsizliyi ucbatından Hepatit C virusuna yoluxmuşam. İndiyə qədər hər şeyi həyat yoldaşımla bölüşməyə üstünlük vermişəm. Artıq  10 gündən atrıqdır ki, bu məsələni həyat yoldaşıma deməyə cəsarətim çatmayıb.  Bilirəm ki, bu xəbəri ona bildirsəm, ki, güclü stress gecirəcək.  Zəhmət olmasa, mənə məsləhət verin, nə etməliyəm? Əgər məsləhət görürsünüzsə ki, hər şeyi həyat yoldaşıma deyim, onda bunun yolunu da göstərin?
Orxan Məmmədov
Cavab: Sizin probleminizə səmimi qəlbdən üzüldüm. Hepatit C çox ciddi xəstəlikdir. Ancaq ruhdan düşməyin, son illərdə bu xəstəliyin müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə olunub. Bu xəbəri gizlətmənizin dəqiq səbəbləri mənə bəlli olmasa da, bu diaqnozu ailəniz və yaxınlarınız ilə paylaşmaqda çəkdiyiniz çətinlikləri və narahatlığı başa düşürəm. Həyatın üzərində nəzarətin sənin əlindən çıxdığını görmək və özünü bu qədər çarəsiz hesab etmək çox çətindir. Mən belə başa düşdüm ki, siz onları bu yeni stressin ağırlığı ilə yükləmək istəmirsiniz. Bəlkə də qorxursunuz ki, bu xəbər onları o qədər üzəcək ki, siz onların qayğısına qalmaq məcburiyyətində olacaqsınız, halbuki indi özünüzü zəif hiss edir və həmişəkindən daha çox qayğıya ehtiyacınızın olduğunu düşünürsünüz. Bəlkə də sizi, ən çox narahat edən bundan sonra ailənizin qeydinə qalmaq imkanınızın olmamasıdr. Səbəbiniz nə olursa olsun, onlar doğrudur və buna haqq qazandırmaq olar. Sizin suallınızı oxuduqda belə hiss etdim ki, bu xəbəri onlarla bölüşmək istəyirsiniz. İnanıram ki, onlara həqiqəti demək istəyirsiniz, amma bunu necə edəcəyinizi bilmirsiniz.  
Bəzi insanlar belə hesab edirlər ki, həqiqəti sevdiyimiz insanlardan gizli saxlamaqla, biz onları əzab çəkməkdən qoruyuruq. Xırda istisnalar olmaqla mən bu fikirlə razılaşmıram. Sadəcə, ona görə ki, bəzən bizim təsəvvürlərimiz reallıqdan daha qorxunc olur. Digər tərəfdən mən hesab edirəm ki, doğma insanlarımız, bu xəbərin öhdəsindən gəlmək, bizə qayğı və dəstək göstərmək üçün onlara şans verməyimizə layiqdirlər.
Mənim cavabım dərc olunana qədər, bəlkə də siz ailənizə xəstəliyiniz ilə bağlı həqiqəti demiş olacaqsınız. Əgər belədirsə, mən ümid edirəm ki, etiraf etdikdən sonra siz qəlbinizdə böyük bir yüngüllük hiss edirsiniz. Ümid edirəm ki, ailəniz sizə sevgi və qayğı ilə yanaşır. Amma əgər bunu hələ də etməmisinizsə, sizə tibbi və ya hüquqi məsələlərlə bağlı kömək etmək əlimdən gəlməsə də, bu xəbəri ailənizə necə deməklə bağlı tövsiyə verə bilərəm.    

*    Bilik güc deməkdir (güc bilikdədir). Hepatit C haqqında nə qədər çox məlumat əldə etsəniz, situasiya üzərində nəzarəti öz əlinizə aldığınıza dair hissiniz bir o qədər güclü olar. Onda siz bunun öhdəsindən daha yaxşı gələr və bu xroniki xəstəliklə yaşamağa daha tez adaptasiya ola bilərsiniz. Sizin əsl peşəkar tibbi köməyə ehtiyacınız olacaq. Elə bir həkimə üz tutun ki, xəstəliyin bütün müayinə və müalicəsi dövründə sizə dəstək və örnək olsun. Əgər siz informasiya almaq üçün internetdən istifadə etsəniz, ehtiyatlı olun. Yalnız nüfuzlu səhiyyə orqanlarının rəsmi veb saytlarından yararlanın.
*    Siz bütün bunları tək etməli deyilsiniz. Həkimlə görüşlərə ailənizlə birlikdə gedə bilərsiniz. Bu yolla, hər kəs eyni şeyləri eşitmiş olacaq. İcazə verin ki, həkim sizin xəstəliyi, onun müalicəsi qaydalarını və gələcəklə bağlı fikirlərini izah edəcək ekspert rolunu yerinə yetirsin. Həmçinin o, ailənizə sizin evdə hər bir kəsin təhlükəsizliyini təmin etmək üçün görməli olduğunuz ehtiyat təbirlərini və dəyişiklikləri izah edəcək.
*    Həqiqəti deməyin bir yolu da “mən bilmirəm” kəlmələrini söyləməyi öyrənməkdən ibarətdir, çünki bu, həqiqətdir. Sizin bütün suallara cavabınız olmaya da bilər və siz gələcəyi bilməli deyilsiniz. Gələcəklə bağlı bədbinlik xroniki xəstəliklərin ən ağır tərəflərindən biridir.  
*    Mən sizin uşaqların yaşını bilmirəm, amma inanıram ki, onlar da həqiqəti bilməlidirlər. Lakin bunu həssaslıqla və onların yaşına müvafiq tərzdə etmək lazımdır. İdeal halda bu söhbətdə valideynlərin ikisinin də iştirakı yaxşıdır, azyaşlı uşaqlara sadə bir izahat və əminlik hissi lazımdır. Siz onları əmin etməlisiniz ki, bu xəstəlikdə onların heç bir günahı yoxdur. Düzü, eyni əminliyə yeniyetmələrin də ehtiyacı var. Uşaqlıq və yeniyetməlik dövrlərində normal eqosentrik düşüncələrin bir hissəsini belə bir inam təşkil edir ki, fikirlər (xüsusən də “mən sənə nifrət edirəm” kimi neqativ fikirlər) pis hadisələrin baş verməsi ilə nəticələnə bilər. Bu, doğru deyil. Ona görə də uşaqların özünü günahkar hiss etməsinə icazə verməyin. Böyük yaşlı uşaqlar isə əmin olmaq istəyirlər ki, siz onlardan sirr saxlamırsınız.
Mən insanların harada yaşamasından asılı olmayaraq, çox qəribə, möcüzəvi bir qabiliyyətə malik olduqlarına inanıram. Bu, istənilən çətin situasiyaya adaptasiya olunmaq qabiliyyətidir.  Siz özünüzü daim üzgün, ümidsiz hiss etməyəcəksiniz. Qarşıda sizi həm yaxşı, həm də pis günlər gözləyir. Siz xəstəliyinizin öhdəsindən gəlmək məharətinə yiyələnəcəksiniz. Sizin kimliyinizi xəstəlik müəyyən etməyəcək. Sonda sizə və ailənizə ən səmimi arzularımı çatdırmaq istərdim.