Bilərəkdən səhv edən dostlarla münasibətlər necə qurulmalıdır?

  • PDF faylını al

Amerikalı psixoloq Susan McAnich cavablandırır

Mənə qarşı bəzi iş yoldaşlarım  və ya tanışlarım haqsızılıqlar edirlər və onlarla münasibətləri dayandırıram. Amma ürəyim yümşaq olduğundan müəyyən müddətdən həmin şəxslər üzrxahlıq etdiyindən onları bağışlayıram. Son zamanlar müşahidə edirəm ki, bağışladığım insanlarla münasibəti görən digər dostlarım da mənə qarşı heç də yaxşı olmayan hərəkət edirlər. Yəqin ki, onlar da düşünürlər ki, bir müddətdən sonra üzrxahlıq edib bağışlanacaqlar. Sualım ondan ibarətdir ki,  bilərəkdən səhv edən insanlarlarla münasibətlər necə qurulmalıdır və onların bağışlanmaması mümkündürmü?

Turxan Hacılı


Turxan bəy, mən sizin sualı və təsvir etdiyiniz ümumi dilemmanı yüksək qiymətləndirirəm. Mən inanıram ki, siz bu sualı ondan ötrü vermisiniz ki, yenə də ürəyi yumşaq, mehriban və bağışlaya bilən insan olmaqda davam edərək, insanlara sizin təbiətinizdən və yumşaq xarakterinizdən istifadə edərək  özünüzü istismar etməyə imkan verməməyin yollarını öyrənəsiniz. Siz istəyirsiniz ki, onlar sizinlə pis rəftar etməsin.
Mən sizin sualınızdan belə başa düşdüm ki, siz mümkün olduğu təqdirdə dostluğu davam etdirmək, pis davranışı unutmaq və bağışlamaq istəyirsiniz. Mən sizin bu davranış tərzinizi alqışlayıram, dünyanın mehriban və nəzakətli insanlara ehtiyacı vardır –lakin bu sizin və eləcə də digərlərinin özünü qiymətləndirmə hisslərinə zidd olmalı deyil. Çünki siz başqalarına sizə qarşı kobud rəftar etməyə icazə verəndə və sadə ürəyi yumşaq və mehriban olduğunuz üçün onların pis əməllərini bağışladıqda, dediyiniz bu ürəyiyumşaqlıq və mehribanlıq heç də sizin xarakterinizin güclü tərəfini əks etdirmiş olmur. Siz gücsüzləşir və digərlərinin pis rəftarının günahsız qurbanına çevrilirsiniz.
Amma siz digərlərinin istismarına dözməkdən imtina etdikdə və bunu onlara aydın şəkildə söylədikdə, sizin gücünüz yenə də özünüzə qayıdır və siz özünüz və öz münasibətləriniz üzərində nəzarəti ələ alırsınız. Siz özünüzdəki özünəhörmət hissini bərpa edirsiniz, bu digərlərinin də sizə hörmətlə yanaşmasına səbəb olur və beləliklə sizin ürəyiyumşaqlıq və mehribanlığınız toxunulmaz qalır.  
Bu problemin əslində həlli mövcuddur, lakin o, ilk baxışda bir az məntiqsiz görünə bilər. Hətta siz mehriban, başadüşən və bağışlayan insan olsanız da və digər insanlar sizə qarşı pis rəftar etmiş olsa belə, bu problemin kökü həmin insanlarla deyil, məhz sizinlə bağlıdır. Siz və yalnız siz, davam etdirməyi və başa çatdırmağı seçdiyiniz münasibətlərə görə cavabdehlik daşıyırsınız. Siz və yalnız siz qərar verirsiniz ki, hansı tip davranışa qarşı səbirli və tolerant  davranacaqsınız və sizə qarşı hansı hərəkətin edilməsinə qətiyyən icazə verməyəcəksiniz. Öz davranışınız və digərlərinin sizə qarşı nümayiş etdirməsini gözlədiyiniz davranışlarda sağlam sərhədləri müəyyən etmək də məhz sizin işinizdir. Beləliklə məsuliyyət yaranır və sizin tanışlarınız və iş yoldaşlarınız bu sərhədlərə hörmət etməyi bacardıqlarını nümayiş etdirməlidirlər. Düzdür, bəzi insanlar sizin tələb etdiyiniz mədəniyyət standartlarına uyğun olmayan davranış tərzi seçə bilər, belə olduğu halda siz həmin şəxs ilə istənilən şəxsi münasibətə son qoymalı olacaqsınız. Digərləri isə əksinə sizə hörmət etmək üçün daha çox səbəbin olduğunu görəcəklər və siz tez bir zamanda şəxsi rifahınız yüksəldiyini hiss edəcəksiniz. Sizin mehriban, ürəyiyumşaq və layiq olduqda bağışlayan, həmçinin özünə hörmət edən və başqaları tərəfindən hörmət edilən, hamının yaxşı rəftar edəcəyi insan olmaq arzunuza nail olmaq mümkündür.
Mənim dediklərim təsvir edilməsi çətin və başa düşülməsi də asan olmayan bir məfhumdur. Çox kədərli olsa da, bir faktdır ki, əksər insanlar hətta yaxşı olsalar belə, əgər biz onları hər dəfə bağışlayırıqsa, səhvlərindən keçiriksə, “yox” demək istədiyimiz halda, bunun əvəzinə  “hə” deyərək, köhnə münasibətlərin davam etməsinə icazə veririksə, sui-istifadəyə, istismara və özümüzü alçaltmağa göz yumuruqsa, onda həmin insanlar bizdən, səndən və eləcə də başqa birindən istifadə etməyə davam edəcək. Əgər biz daima konfliktdən yayınmağa çalışırıqsa, başqaları bu davranışı zəiflik kimi qəbul edəcək və bizdən sui-istifadə etməmək üçün heç bir əngəl görməyəcək və bəzən də bizə hörmətsiz yanaşacaqlar.
Beləliklə, sizin verdiyiniz bilərəkdən sizinlə pis rəftar edən insanlar ilə necə rəftar etməli və onlar ilə münasibəti davam etdirib-etməmək, həmçinin onları bağışlamağın nə dərəcədə düzgün olması ilə bağlı suala gələk. Birləşmiş Ştatlarda belə bir köhnə məsələ var: Əgər məni birinci dəfə axmaq yerinə qoyursansa, ayıb olsun sənə. Əgər məni ikinci dəfə axmaq yerinə qoyursansa, onda mənə ayıb olsun. Özünüzə kənardan nəzər salın. Öz həqiqi hissləriniz ilə bağlı özünüzə qarşı vicdanlı olun. Düzdür, bu kağız üzərində asan səslənə bilər, amma əslində nə hiss etdiyimizdən baş çıxarmaq və özümüzü necə hiss etdiyimizi etiraf etmək –bizim indiyəcən etdiyimiz ən çətin tapşırıqlardan biri ola bilər. Məsələn, mən onu demək istəyirəm ki, bəlkə sizin hamını bağışlamağınız və əfv etməyiniz heç də ürəyiyumşaq və mehriban olmağınızdan irəli gəlmir, bəlkə siz qorxursunuz ki, belə etməsəniz insanlar ümumiyyətlə sizinlə ünsiyyətdə və təmasda olmaqdan imtina edəcəklər, sizin onların pis davranışını bağışlamadığınız və üzrxahlıqlarını qəbul etmədiyiniz və özünüzü sanki heç nə olmamış kimi aparmadığınız  təqdirdə  onlar daha sizi bəyənməyəcəklər. Özünüzdən soruşun, əgər siz belə asanlıqla əfv etməsəniz və bağışlamasaydınız onda nə baş verərdi?
Birləşmiş Ştatlarda başqa bir qədimi deyim də var: Əslini edə bilmirsənsə, saxtasını et. –bu ifadənin mənası ona gəlir ki, bəzən biz özümüzü ona emosional cəhətdən tam hazır hiss etməsək də, arzuladığımız kimi davranmalıyıq. Məsələn, biz güclü olmaq istəyirik, amma hələ ki özümüzü güclü hiss etmirik, amma hamıya artıq güclü olduğumuzu göstəririk. Sizə mən məsləhət görərdim ki, sizə qarşı pis davranan insanlara qarşı başqa cür yanaşma tətbiq edəsiniz, spesifik olun. Ola bilsin ki, siz bəzi tanışlarınızı itirdiniz, amma onlar sizə dost deyil və heç vaxt da olmayıblar, nə də sizin onların rəğbətinə ehtiyacınız yoxdur. Digərləri isə sizə daha çox hörmət bəsləyəcək və ən əsası siz şəxsi ləyaqət hissinizi bərpa edəcəksiniz.
Uğurlar.