İşçilərin sosial şəbəkələrə çıxışını bağlamaq çıxış yoludurmu?

  • PDF faylını al

“MK”-nın AMERİKALI PSİXOLOQU İŞƏGÖTÜRƏNLƏRƏ İŞÇİLƏRLƏ BU SAHƏDƏ DÜZGÜN MÜNASİBƏT QURMAĞIN YOLLARINI GÖSTƏRİR

- Rəhbərlik etdiyim təşkilatda gənc işçilər çalışır. Təbii ki, hazırda sosial şəbəkələr inkişaf etdiyindən hər bir işçinin şəxsi profili var. İşçilərə iş vaxtında sosial şəbəkələrə girməyi və şəxsi məsələlərlə bağlı saytlara daxil olmağı qadağan etmişəm. Amma görürəm ki, bu, müəyyən mənada işçilərin işə motivə olmasına mənfi təsir edir. Xahiş edirəm, mənə məsləhət verərdiniz ki, bu məsələ ilə bağlı işçilərlə münasibətləri necə qurum. Qorxuram ki, qadağaları götürsəm, işçilər iş vaxtının çox hissəsini internetdə olalar.
Orxan Quliyev

- Qadağan etməli, ya yox? Bu, bir sıra şirkətlərin bu gün üzləşdiyi əsas dilemmadır. Hamımız sosial şəbəkənin iş dünyasına bəxş etdiyi danılmaz faydalardan xəbərdarıq. Bu sırada fərdi yanaşma və satış bazarının genişləndirilməsi, müştərilər ilə ünsiyyət və qarşılıqlı təsirin təkmilləşdirilməsi, xarici dünya ilə təmas və əməkdaşlıq, pulsuz reklam, şəffaflığın artırılması və nüfuzun möhkəmlənməsi kimi amilləri qeyd etmək olar. İşəgötürən tərəfindən əməkdaşlara sosial şəbəkədən istifadəyə imkan verilməsi onların mənəvi əhval-ruhiyyəsini yüksəldir və bu da onlara öz işini daha yaxşı yerinə yetirməyə imkan verir. Bu addım daxili kommunikasiyanı və əməkdaşlığı yaxşılaşdırır, eyni zamanda, ofisdən kənarda və ya çevik iş qrafiki ilə işləyən əməkdaşlar ilə digərləri arasında dostluq münasibətlərinin qurulmasına imkan verir. Həmçinin sosial şəbəkənin imkanları sayəsində yaxşı əməkdaşları cəlb etmək üçün əla PR (ictimaiyyətlə əlaqələr) strategiyalarından  istifadə etmək mümkündür.  Bu məsələnin yaxşı tərəfləridir.
Müəssisə rəhbərləri ondan narahatdırlar ki, şəbəkənin mənfi tərəfləri və çatışmazlıqları həddindən artıq ciddidir, bu, həddindən artıq riskli ola bilər. Sosial şəbəkənin məhsuldarlığa mənfi təsir göstərməsi və təhlükəsizlik baxımından güvənli olmaması  onun iş yerində istifadə edilməsi ilə bağlı qoyulan qadağaların ən başlıca səbəblərindən biridir. 2011-ci ildə ABŞ-da bir sorğu aparılmışdı. Rəyləri soruşulan menecerlərin 50%-i hesab edirdi ki, əməkdaşlar təhlükəsizlik qaydalarına o qədər də ciddi riayət etmir, onlar virusların və ya zərərli proqramların kompüterə düşməməsi ilə bağlı yetərincə ehtiyatlı davranmır, bütün bunların nəticəsində  isə şəxsi informasiyaya və ya bizneslə bağlı məxfi saxlanması vacib olan məlumatlar yad əllərə (kiber kriminalların əllərinə) keçə bilər. Onların fikrincə, hətta əməkdaşın şəxsi profilində paylaşdığı məlumatlar belə müəyyən məsuliyyət yaradır və şirkətin nüfuzuna xələl gətirə, onu təhdid altında qoya bilər.
Məhsuldarlıq məsələsi isə daha çox mübahisə doğurur. Bu sahədə səsləndirilən tənqidlər onunla bağlıdır ki, sosial şəbəkədən istifadəyə icazə verməklə biz potensial iş vaxtının hədər yerə sərf olunmasına səbəb oluruq (gün ərzində bir işçinin şəxsi sosial şəbəkəsinə yarım saat sərf etməsi elə də böyük görünməyə bilər, amma bir şirkətdə əlli nəfər işçi olarsa, bu gün ərzində 25 saatlıq qeyri-məhsuldar iş anlamına gəlir). Həqiqətən də 2010-cu ildə Britaniyada aparılmış tədqiqat göstərdi ki, sosial şəbəkələrdən sui-istifadə İngiltərə iqtisadiyyatına il ərzində “itirilmiş vaxt” səbəbindən 14 milyard funt sterlinqə başa gəlir.
Buna rəğmən, sosial şəbələrin işçilərin ruh yüksəkliyini artırması fakti danılmazdır. Ruh yüksəkliyinin və motivasiyanın işçilərin məhsuldarlığına və onların həmin işdə qalmasına müsbət təsirini inkar etmək olmaz. Yüksək əhval-ruhiyyə və müsbət motivasiya məhsuldarlığın artmasına bilavasitə təsir göstərmək xüsusiyyətinə malikdir. Azacıq da olsa fərdi sosial şəbəkədən istifadəyə icazə verməyin tərəfdarları isə qeyd edirlər ki, həmişə bundan sui-istifadə edənlər və bir yığın görüləsi işinin olmasına baxmayaraq fikrini yayındırmaq üçün bir bəhanə axtaran insanlar tapılır.
Digər tərəfdən, Orxan, bəzi işçilərin bütün işin ağırlığını öz çiynində daşıdıqları anda digər işçilərin “Facebook”da vaxt keçirdiyini görmək, həmin əməkdaşların mənəvi durumuna mənfi təsir göstərə bilər. Bu təsirin miqyası düşündüyümüzdən daha böyükdür. Xüsusən də, sui-istifadəyə qarşı heç bir ciddi tədbir görməsən, belələrinə qarşı sosial şəbəkədən istifadə ilə bağlı sərt məhdudiyyətlər və ya qadağalar tətbiq etməsən, vəziyyət daha da acınacaqlı hal alar.
2011-ci ildə 1500 işçi arasında aparılmış digər bir sorğunun nəticələri göstərdi ki, sosial şəbəkənin qəti qadağan edilməsi və ya kəskin məhdudlaşdırılması nəzərə çarpacaq mənfi nəticələrə gətirib çıxarır: İşçilərin 26%-nin motivasiyası aşağı düşür, yalnız 14% işçi qoyulmuş məhdudiyyətə tam əməl edir,  əməkdaşların 3%-i isə işdən getməyi düşünür.
Oturaq işlə məşğul olanların əksəriyyətində iş günü ərzində həm pik, həm də normal iş saatları olur. Bəzi işçilər hesab edirlər ki, sakit axarla keçən iş saatlarından bir qədər şəxsi ehtiyacları üçün istifadə etsələr, bu, iş mühitini daha mülayim, yumşaq və işləmək üçün münasib edər. Digər tərəfdən, öz işini sevən insanlar sərbəstlik və etibarın hökm sürdüyü mühitdə özlərini daha yaxşı hiss edir, daha məhsuldar işləyirlər. Həmçinin, bu zaman verilən sərbəstlikdən sui-istifadə edənləri aşkarlamaq daha asan olur.
Orxan, Sizin üç seçim imkanınız var: sosial şəbəkəyə girişi qadağan etmək, məhdudiyyətlər tətbiq etmək, ya da nəzarətsiz istifadə imkanı vermək. Sizə və sizin şirkətə hansı variantın daha çox sərf etdiyini müəyyən etmək üçün Siz sosial şəbəkənin faydaları və risklər arasında müqayisə aparmalı və mütləq tarazlıq nöqtəsi tapmalı olacaqsınız. Amma hansı seçimi etməkdən asılı olmayaraq, təhlükəsizlik tədbirlərinə mütləq əməl edilməlidir. Məsələn, gündəlik olaraq antivirus proqramlarının yenilənməsi, ən müasir “firewall” proqramlardan (sistemə kənar şəxslərinin girişinin məhdudlaşdırılması) istifadə və s.
Əgər Siz işçilərə internetdən istədikləri qədər istifadə etməyə icazə verirsinizə, təhlükəsizlik risklərini azaltmaq məqsədi ilə bu saytlar üzərində nəzarəti həyat keçirmək imkanlarına malik olmalısınız. Və əlbəttə ki siz, məhsuldarlıqla bağlı riskləri azaltmaq və mübarizə ruhunu yüksək səviyyədə saxlamaq üçün lazım olan hər şeyi etməli olacaqsınız.
Əgər Siz istənilən halda sosial şəbəkədən istifadə etməyə icazə vermisinizə, onda bir neçə tövsiyə verə bilərəm:   
- İnternetdən istifadə və sosial şəbəkələrə giriş ilə bağlı xüsusi siyasət tətbiq edin və bununla bağlı təlimatlar hazırlayın. Orada qeyd olunmalıdır ki, əməkdaşlara iş günü ərzində nə etməyə icazə verilir, nizam-intizam tədbirləri nədən ibarətdir, şirkət qayda-qanunlarına riayət edilməməsi hətta işdən çıxardılma ilə nəticələnə bilər və sair. Bu siyasət müxtəlif formada ola bilər:
1. Etibar əsasında qurulmuş nəzarətsiz istifadə (bu zaman əməkdaş özü işin onun üçün birinci növbədə vacib olduğunu dərk edir);
2. Nəzarət əsasında internetə giriş imkanı. Əməkdaşlara istirahət, fasilə və nahar vaxtı, işdən əvvəl və sonra..