“MK”-NIN AMERİKALI PSİXOLOQU SUSAN MCANİCH QOCALARA NECƏ DƏSTƏK OLMAQ BARƏDƏ MƏSLƏHƏTLƏRİNİ VERİR

  • PDF faylını al

Qocalıqda depressiya, stress, ölüm qorxusu…
 
Sual: - Ölkəmizdə cinsindən asılı olmayaraq əksər insanlar 60 yaşdan sonra özlərini çox yaşlı hiss edirlər. Həmin yaşlarda adətən yaşamaq eşqi azalır və insanlar ölüm haqqında daha çox düşünməyə başlayırlar. Sualım belədir ki, bu məsələdə Amerikada vəziyyət necədir? Övlad kimi biz nə etməliyik ki, valideynlərimizdə yaşamaq eşqini gücləndirək?
Tural
 
- Sizin bu dəyərləndirmənizə üzülürəm, lakin təəccüblənmirəm ki, Azərbaycanda altmış yaşdan çox olanlar özlərini qoca hiss edir, həyata olan maraqlarını itirir və daha çox ölüm haqqında düşünürlər. Yaşadıqlarımız, şəxsiyyətimiz və digər amillərin nəticəsində hər birimizdə dünya ilə bağlı bir sıra fikirlər formalaşır. Bunun əsasında bizdə formalaşan dünyagörü müsbət və optimist ruhlu, yaxud da mənfi və pessimist ruhlu olur. Bu hal uzun müddət sabit qalır və dəyişmir. Bu baxımdan gözümün önünə azərbaycanlılıarın müstəqillikdən öncə yaşadıqları çətinliklər, eləcə də vətəndaş müharibəsi və etnik savaşların təsirləri gəlir. Əminliklə deyə bilərəm ki, yaşı altmış və daha yuxarı olan insanlarda pessimist dünyagörüşünün formalaşmasının müəyyən bir səbəbi var. Bu səbəb onlar yaşlandıqca təsirini davam etdirir. Yadıma 1930-cu illərin Böyük Depressiyası dövründə Amerikanın vəziyyəti barədə oxuduqlarım düşür. Bu elə bir vaxt idi ki, bir çox insan hər şeyini itirmişdi və öz ailəsini dolandıra, mənzillə təmin edə bilmirdi. Böyük Depressiyanı yaşamış bəzi insanlar bir daha optimist olub, həyatdan zövq ala bilmədilər və həyatlarının qalan hissəsini narahat şəkildə, pessimist ruhda keçirdilər.
Onlardan fərqli olaraq bügünkü amerikalılar əvvəlki nəsillərin heç vaxt görmədikləri “qızıl illərin” kefini çəkirlər. Bu demoqrafik dəyişikliyin sayəsində mümkün olub. Getdikcə yaşlaşan insanlar Amerika cəmiyyətində (eləcə də dünyada) ən sürətlə artan əhali qrupunu təmsil edirlər. Proqnoza görə, 2050-ci ilə kimi Amerikalıların 40 faizinin yaşı 50-dən yuxarı olacaq.  Bu o deməkdir ki, tarixdə ilk dəfə yaşlı vətəndaşların sayı uşaqların və gənclərin sayını üstələyəcək. Həmçinin, bugünkü yaşlı insanlar əvvəlkilərdən daha zəngindirlər: 65 - 69 yaş qrupunda olan insanların təxminən 25 faizi toplam 250 milyon və ya daha çox sərvətə malikdirlər. Bu say və sərvət özündə güc ehtiva edir. Ona görə də dövlət orqanları və bizneslər yaşlanan əhali təbəqəsinin ehtiyac və qayğılarını təmin etməyə çalışırlar. 
 
Daha yaşlı insanların fərdi və yaxud qrup halında üzləşdikləri problemlər heç də keçmişdə olan yaşlı insanarın üzləşdikləri problemlərdən kəskin surətdə fərqlənmir. Sağlamlıq, maliyyə təminatı, gənc nəsil tərəfindən başa düşülmək və yaxud onlar üçün yük olmamaq əsas qayğılardandır. Lakin bugünkü yaşlı nəslin nümayəndələrində əvvəlki nəslin qocalarında olmayan özünə əminlik hissi var. Onlar bekar oturmur, bir-birlərilə ünsiyyət qurur, ölkədəki və dünyadakı siyasəti müzakirə edirlər. Eyni zamanda, belə insanlar səhiyyə təşkilatlarından və maliyyə qurumlarından özlərinə qarşı diqqət tələb edirlər. Şəxsi müstəvidə isə, onlar pullarından istifadə edərək fəal olmağa çalışırlar: tətilə gedir, yeni vərdişləri sınayır, idmanla məşğul olur, təhsillərini davam etdirir, könülllü işlərlə məşğul olurlar və sairə.
Bəlkə də, mən bunları deməklə qızılgül şəkli çəkirəm, lakin vəziyyət heç də qızılgüllük deyil. ABŞ-da yaşı 65 və daha çox olan insanların on faizi yoxsulluq içərisində yaşayır. Onların  sosial yardıma və icmanın köməkliyinə ehtiyacı var. Və əlbəttə ki, bəzi yaşlı amerikalılar çox güclü dünyagörüşünə sahibdirlər.
Siz sual verdiniz ki, ailənizdə yaşlanan valideynləriniz, nənə və babalarınız üçün həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün nə etmək lazımdır. Bu istiqamətdə müxtəlif ideyalar mövcuddur, lakin onlar haqda danışmaq, həyata keçirməkdən daha asandır. Əgər hər hansı bir şəxs özünü mənfi tonda yükləyibsə, vəziyyətin dəyişməyəcəyinə inanırsa, bu zaman onu kənar təsirlər vasitəsilə dəyişmək çətindir. Bu halda sizin kimisə xoşbəxt etmək üçün gücünüz çatmayacaq. Müsbət duyğular, müsbət enerji gərək insanın daxilindən gəlsin. Lakin siz elə bir mühit yarada bilərsiniz ki, sizin sevdiyiniz şəxsin özünə inamı artar, özünü daha dəyərli və təminatlı hiss edər. Bundan sonra sizin sevdiyiniz şəxs həyatı sevməyə başlayacaq. Yaşlı insanlar, eləcə də cavanlar üçün vacibdir ki, yaşlanmaqda olan sevdikləri insanlar üçün yeni uğur meyarları yaratsınlar. Bunlar işləmək və yaxud pul qazanmaq kimi məqsədlər olmamalıdır. Daha çox müdriklik, ləyaqət, yeni bacarıqların mənimsənilməsi ilə bağlı olan məqsədlər olmalıdır ki, yaşlılara qocalığın gətirdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək etsin. Belə çətinliklər hörmətə layiqdir.
 
Yaşlanmaqda olan insanlara daha yaxşı xidmət etmək üçün icmaların hazırladıqları nümunəvi təcrübələrin əksəriyyəti fərdi müstəvidə də yaxşı alınır. Onları depressiyadan çıxartmaq da daxil olmaqla yaxşı səhiyyə xidmətləri ilə təmin etmək bu baxımdan çox önəmlidir. Baxmayaraq ki, yaşlaşananda insanlar çox şey itirməyə başlayırlar, qocalıqda depressiya normal hal deyil. Bu zaman diaqnozun düzgün qoyulması və müalicə çox vacibdir. Çünki depressiya yaddaşın itirilməsinə və Parkinson xəstəliyinin simptomlarının yaranmasına səbəb olur. Düzgün qidalanma və yaşa uyğun sağlamlıq proqramları səhhəti  möhkəmləndirir, qocaların özünü yaxşı hiss etməsinə imkan yaradır. Sağlam mühitin yaradılması zədələnmə hallarını azaldır və insanda təhlükəsizlik hissini gücləndirir. Sevdiyinizə şəxsə maliyyə problemlərini həll etməkdə əlinizdən gələn köməkliyi göstərin. 
Tənhalıq və təcrid olma təkcə yaşlı insanlara xas deyil. Dostlarını və yaxın adamlarını itirənlər üçün də tənhalıq və özünə qapanma ehtimalı yüksəkdir və bunun nəticəsində insanların hərəkətliliyi azalır. Gənclər üçün bir-biri ilə əlaqə saxlamaq nə qədər vacibdirsə, yaşlı insanlar üçün də öz həmyaşıdları ilə birlikdə olmaq bir o qədər əhəmiyyətlidir. Həmyaşıdlar bir-birlərini daha yaxşı başa düşürlər. Siz sevdiyiniz adamları sosial, yaxud dini fəaliyyətlərə cəlb edə bilərsiniz. Sevdiyiniz şəxsi həvəsləndirin ki, dostlarını evə dəvət etsin. Belə görüşləri təşkil etməkdə onlara köməklik göstərin.
Tural, sən çox vacib bir müzakirə başlatdın. Çalış bunu davam etdir. Təşəkkür edirəm.