Milyon adamın bir manatına ehtiyacı olan Uşaq Şəhərciyi

  • PDF faylını al

MK jurnalının əməkdaşının “SOS Uşaq Kəndi Azərbaycan” dan reportajı
 
 İş adamlarının kommersiya maraqlarını güdməsi, xeyriyyəçiliklə məşğul olmaması bütün dövrlərdə cəmiyyətin qarşılaşdığı ən böyük problemlərdən olub. Messenatlıq üçün təkcə cəmiyyətin sifarişi yetərli deyil, bunun üçün ürəyin hökmü də tələb olunur. Gərək, Allah səxavətlə var-dövlət bəxş elədiyi zənginin Yrəyinə bir çimdik mərhəmət də səpsin ki, dünyamız yaxşıların çiynində duruş gətirə bilsin. Ürəyi geniş insanların mərhəməti sayəsində yaradılmış, böyük fədakarlığa qatlaşaraq ayaqda durmağı bacarmış «SOS Uşaq Şəhərciyi»nə gedəndə düşünürdük ki, adət elədiyimiz uşaq evlərində olduğu kimi bizi sifətlərindən kədər, qayğı, pal-paltarlarından çirkab yağan naümid baxışlı uşaqlar qarşılayacaqlar. Nə yaxşı ki, ilkin təəssürat bədbin düşüncələrmizi yerlə-yeksan etdi . Şəhərciyin hər yerində səliqəli geyinmiş şən uşaqlarla qarşılaşdıq. 6-7 nəfərlik təmiz evlərdə uşaqlarla birlikdə onların “Ana” və “Xala”ları yaşayırlar. Hər şey bir yana, uşaqların bir-birlərinə necə doğmalıqla “Bacı” və “Qardaş” demələrini eşitməyə, görməyə dəyərdi. 
Səfər zamanı 2 ailədə qonaq olduq. Uşaqların həvəslə söhbətə qoşulması bizim də əhval-ruhiyyəmizi yüksəltdi. Onlar hətta bizi çaya da qonaq elədilər. Uşaqlar tək qalanda bizə “Ana”larından,  “Qardaş” və “Bacı”larından, onları necə çox istədiklərindən danışdılar. Onlar “Ana”, “Qardaş”, “Bacı” kəlmələrini o qədər şirin-şirin işlədirdilər ki, düzü, indi bu sözləri niyə dırnaqda yazdığımı anlamağa çalışıram. Bu, bəlkə də mənim səfərdən əvvəlki bədbin proqnozlarımın, “uzaqgörməmin” işləridir ki, hələ də məni tərk eləmək istəmir. 
Buna görə də daha heç nə demirəm, fikirlərimə nöqtə qoyub sözü “SOS Uşaq Kəndi Azərbaycan” Assosiyasijasının koordinatoru Gülarə Hümbətovaya verirəm.
 
“SOS UŞAQ KƏNDİ”NİN BAKIYA GƏLİŞİ NECƏ BAŞ TUTDU?
 

- «Sos-Kinderdoff İnternational» 1949-cu ildə Herman Qmayner tərəfindən yaradılıb. Təşkilatın yaradılmasında məqsəd İkinci Dünya Müharibəsindən sonra valideynlərini itirmiş uşaqlara himayə göstərmək olub. Təşkilatın Azərbaycana gəlişi 2000-ci ilə təsadüf edir. Mərhum prezident Heydər Əliyevin birbaşa dəstəyilə həmin il Bakıda ilk  “SOS Uşaq Şəhərciyi” yaradıldı. O vaxt şəhərcikdə 14 ailə məskunlaşmışdı. Hazırda şəhərcikdə 93 uşaq 14 ananın himayəsi altındadır. Şəhərcikdə xalalar, pedaqoji məsləhətçilər, psixoloqlar, sosial işçilər, kənd direktoru və digər işçilər fəaliyyət göstərirlər. Gəncə şəhərində də 2005-ci ildə şəhərcik tikilb. Həmin şəhərcikdə isə 58 uşağın formalaşdırdığı 12 ailə məskunlaşıb. “Sos Kinderdoff” təşkilatının göstərdiyi ailə əsaslı qayğı modeli 4 başlıca prinsipdən ibarətdir: Ana, Bacı və Qardaşlar, Ev, Uşaq kəndi. Bu yanaşmanın məqsədi uşaqlara uzunmüddətli qayğı göstərib, ailə və icma içərisində böyüdüb, onları müstəqil həyata hazırlamaqdır. Şəhərcikdə böyüyən uşaqlar bir neçə mərhələdən keçir. Birinci mərhələdə şəhərcikdə ailə içərisində böyüyürlər. İkinci mərhələdə isə artıq 15  yaşa çatmış uşaqlar Gənclər evinə köçürlər. Onlar Gənclər evində 4 il yaşayırlar. Həmin müddətdə onlara təhsil və işləmək imkanları əldə etmək üçün şərait yaradılır. Üçüncü mərhələ isə yarımmüstəqil həyatdır ki, o zaman gənclər üçün kirayə evlər tapılır, biznes imkanı yaradılır. Məqsədimiz hər uşağa fərdi qaydada yanaşmaqdır. Hər bir uşaqla bağlı fərdi inkişaf planı işlənilir. Onların bacarıq və istəkləri öyrənilir və buna uyğun işlər aparılır. Ən çox önəm verdiyimiz məsələlərdən biri uşaqların təhsilidir. Şəhərciyin bağçasında bütün uşaqlar ilk təhsillərini alırlar. Sonradan  müxtəlif orta təhsil məktəblərində  təhsillərini davam etdirirlər. Hazırda özəl liseylərdə oxuyan uşaqlarımız da var. 
 
«SOS KƏNDİ»NƏ UŞAQLAR HANSI ŞƏRTLƏRLƏ QƏBUL EDİLİR?
 
- Uşaqların «SOS kəndi»nə qəbulu məsələsinə gəlincə, deməliyəm ki, təşkilatımız bu məsələ ilə bağlı yerli icra hakimiiyəti orqanları,  polis, poliklinikalar və qəyyumluq idarələri ilə sıx əməkdaşlıq edir. Təbii ki, uşaqların qəbul meyarları var. Valideyn himayəsindən məhrum olmuş uşaqlar polis orqanlarına və ya yerli icra hakimiyyəti orqanlarına gətirilir. Məhz onların təqdim etdiyi sənədlər əsasında uşaqları qəbul edirik. Heç bir dövlət orqanından keçmədən birbaşa olaraq uşaq qəbul edilmir. Çünki qəbul edilən uşaq həm tibbi, həm də hüquqi baxımdan yoxlanılır. Uşağın qəbulu məsələsi sənədləşdirilməlidir. Körpə uşaqları qəbul etmirik. Bizə veriləcək uşaq ən azı 4  aylıq olmalıdır. Əks təqdirdə, Ana bu körpə uşağa daha çox vaxt və diqqət sərf etməli olacaq ki, bu zaman digər uşaqlar diqqətdən kənarda qala bilərlər. Bundan əlavə, bu cür uşaqları başqa ailələr də körpələr evindən övladlığa götürə bilərlər. Yuxarı yaş həddinə gəlincə isə, burada müəyyən istisnalar olur. Təbii, biz istəyirik ki, nisbətən yaşı az olan uşaqları qəbul edək. Çünki onların ailəyə uyğunlaşmasında problem olmur. Amma bəzən görürsən ki, hər iki valideynini avtomobil qəzasında itirən 2 uşaq gətirirlər. Uşağın balacasının 3, böyüyünün isə 10 yaşı olur. Məcbur oluruq ki, uşaqların hər ikisini qəbul edib bir ailədə yerləşdirək. Çünki bu yaşda onları bir-birindən ayırmaq istəmirik. 
Bir şeyi də  deyim ki, Şəhərcikdə yalnız hər iki valideyin himayəsindən məhrum uşaqlar yaşamır. Elə uşaqlar var ki, hər iki valideyni olsa da, onların nikah sənədi yoxdur, ya da uşaqlara baxmağa imkanları çatmır. 
Təşkilatımız sosial layihələr də həyata keçirir. “Ailələrə dəstək” layihəsi çərçivəsində işçilərimiz uşaqlarını bizə vermək istəyən hər iki valideynlə görüşürlər. Görüşün xarakterindən asılı olaraq, müzakirələrdə psixoloqlar, hüquqşünaslar, işə düzəltməyə kömək etmək imkanı olan şəxslər iştirak edirlər. Biz istəyirik ki, uşaqlar öz ailələrində tərbiyə alsınlar. Çünki bizim  ailə modeli tam deyil, yalnız Ana və Xalalardan ibarətdir. Təbii ki, hər uşağın ata qayğısına da ehtiyacı var. Təşkilatımızın siyasəti ondan ibarətdir ki, uşaqlar və onların qohumları arasında bağları qoparmayaq, əksinə daha da möhkəmləndirək. Biz çalışırıq ki, qohumların uşaqlara baş çəkməsini stimullaşdıraq. 
Onlara izah edirik ki, uşaqların pedaqoqları ilə görüşsünlər, qayğıları ilə maraqlansınlar. Hətta, bəzən sosial işçilərimiz rayonlara səfər edirlər. Uşaqların valideynlərinin şəhərciyə gəlib-getmək xərclərini ödəyirlər ki, övladlarını görə bilsinlər. Çünki bəzi valideynlərin Bakıya gəlməyə maddi imkanları yoxdur. 
 
ANALAR NECƏ SEÇİLİR?
 
 Şəhərciyimizdə ən böyük məsuliyyət Anaların üzərinə düşür. Çünki 6-7 uşaqla birlikdə yaşamaq, hər gün onların nazı ilə oynamaq Anaların borcudur. Yaxın zamanlarda Ana vəzifəsi üçün vakansiya elan etmişdik. Bununla bağlı 300-ə yaxın müraciət olmuşdu. Həmin 300 nəfərdən yalnız 4 Ana seçə bildik. Çünki Analar mütləq həftənin 6 günü  uşaqlarla birlikdə yaşamalıdırlar. Təbii ki, ailəsi olan qadınların çox az qismi bununla razılaşır. Həmçinin, 6 uşağa baxmaq məsuliyyəti də onları bu məsələdən çəkindirir. Kənd direktoru, insan resursları üzrə məsul işçi və analarla işləyən işçi Ana seçimində yaxından iştirak edirlər. Psixoloqumuz namizədlər arasında psixoloji test keçirir. Bu testdən keçməyənlər də olur. Müsabiqədən keçən Analara təbii ki, tez bir zamanda uşaqlar verilmir. Bizdə Anaların hazırlanması prosesi xeyli çəkir, təxminən il yarım.  Birinci 3 ay Analara praktik təlimlər keçirilir, onlar ailələrdə yaşayırlar. Bu təlimləri onlara üzün müddətli iş təcrübəsi olan Analar keçirlər. Təbii ki, sınaq müddətində olan belə Analara dərhal uşaq verilmir. 3 ay tamam olduqdan sonra həmin Ana ilə işləməyin mümkünlüyü haqqında qərar çıxarılırsa, ona uşaqlar verilir. Lakin həmin Anaya 1 il 6 ay ərzində yenə təlimlər keçirilir. Qeyd etmək istəyirik ki, Ana vəzifəsi dövlət tərəfindən təsdiq olunub və tarif sisteminə düşüb. Məhz bu səbəbdən Analarla əmək müqaviləsi imzalanır. Digər işçilər kimi onlar da həftənin 1 günü istirahət edir, məzuniyyət hüquqlarından yararlanırlar. Bundan əlavə, bəzi donorlarımız var ki, Anaları istirahət üçün regionlarımızdakı istirahət guşələrinə, xarici ölkələrə istirahətə göndərirlər. Sentyabr ayında 5 Ananı Qazaxıstana göndərəcəyik. Biz istəyirik ki, Analar bizdə uzunmüddətli çalışsınlar, ona görə onlara lazımi qayğını göstəririk. Çünki Analar tez-tez təşkilatımızı tərk etsələr, bu, uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. Sevindirici haldır ki, Analarımızla uzunmüddətli əməkdaşlığımız baş tutur.  
Anaların maaşı Azərbaycan reallığına  uyğundur. Amma təşkilatımız anaların bəzi ehtiyaclarını da (yemək, kommunal, tibb və s.) ödəyir. Analarımız etiraf edirlər ki, onlar üçün bu işin maddi tərəfi yox, mənəvi tərəfi daha önəmlidir. Hətta elə analarımız var ki, istirahət günlərindən istifadə etmir, uşaqlarla qalırlar. Bəzi Analarımız isə məzuniyyətə gedəndə darıxacaqlarını əsas gətirərək uşaqları da özləri ilə aparırlar. Gəncə şəhərciyində Ana var ki, ailədəki uşaqların kiçik toyunu öz hesabına şadlıq sarayında keçirib. Həmin Ananın qardaşı, qohumları bu tədbirdə böyük həvəslə iştirak ediblər. Yüksək səviyyədə keçən tədbirdə uşaqların doğma anası bildirib ki, o gün olsun ki, Ana uşaqların böyük toyunu qeyd eləsin. Əminəm ki, bizim uşaqlar şəhərcikdən birdəfəlik gedəndən sonra belə, mütləq gəlib Anaları ilə görüşəcəklər.  Hazırda şəhərciyimizdə ailə quran olmasa da, deməliyəm ki, qızlarımıza elçi gəlirlər.
 
SAHİBKARLAR NECƏ YARDIM EDƏ BİLƏRLƏR?
 
 Sahibkarların Şəhərciyə marağı yüksək səviyyədə olmasa da, normaldır. Hazırda 2 gəncimiz bankların birində təlimdə iştirak edir, bu yaxınlarda bir firma 10 nəfər gəncimizi yay ayları dövründə işə dəvət etdi. Bəzi firmalar isə, Şəhərciyin inkişafı üçün mal-material yardımı ediblər. Biz təkliflərə baxmağa həmişə hazırıq və işçilərimiz böyük məmnuniyyətlə müəssisələrdə təşkilatımız haqqında təqdimat keçirməyə hazırdılar. Təbii ki, uşaqların işlə təmin edilməsində onların fikri daha önəmlidir. Təşkilatımızın büdcəsinin 35-40 faizi dövlət büdcəsindən, təhsil nazirliyinin xətti  ilə ödənilir. Qalan hissə isə “Kinderdoff İnternational” başda olmaqla digər donorlar tərəfindən qarşılanır. Yerli donorlarımızın əksəriyyəti ianə edirlər. Dövlət büdcəsindən ayrılan subsidiyalar SOS ailəsinin büdcəsini təmin edir. Ancaq bizim digər ehtiyaclarımız da var. Misal üçün, iyun ayının 8-də qızlar üçün Gənclər evi təhvil verdik. Artıq 20-ə yaxın oğlanımız var ki, onların da Gənclər evinə köçmək vaxtıdır. Uşaqların təhsil haqlarının ödənilməsi və onlara təlimlərin keçirilməsi üçün də müəyyən vəsaitə ehtiyac var. Hazırda saytımızda (www.soschildren.az) ianə vermək üçün elektron imkan yaradılıb. İstənilən şəxs sayta daxil olmaqla istənilən məbləği kredit kartı vasitəsilə təşkilatımıza ianə edə bilər. Təşkilatımızın missiyasında yazılıb ki, bizim bir nəfərin milyon manatına yox, milyon nəfərin bir manatına ehtiyacımız var. Bizim şəffaf və hesabatlı fəaliyyətimiz dostlarımızın sayının artmasına kömək edir. İstənilən biznes strukturu bizimlə müqavilə bağlayaraq istədikləri sahəni maliyyələşdirə bilər. Təbii ki, biz də vəsaiti müqavilədə nəzərdə tutulmuş istiqamətə xərcləyəcəyik və görülmüş işlər barəsində donorun müəyyən etdiyi müddətdə və formada həm proqram, həm də maliyyə hesabatı təqdim edəcəyik. Hər bir donor ianə etdiyi vəsaitin hesabatını tələb edə bilər. İmkanlı adamları «SOS kəndi»mizə dəvət edirik.
Anar Bayramov