HANSI HESABATIN TƏQDİM OLUNMAMASINA GÖRƏ CƏRİMƏ NƏZƏRDƏ TUTULUR?

  • PDF faylını al

MÜSAHİBİ DÖVLƏT MƏŞĞULLUQ XİDMƏTİNİN  (DMX) ƏMƏK BAZARININ TƏHLİLİ VƏ STATİSTİKASI ŞÖBƏSİNİN MÜDİRİ İSA HƏSƏNOV CAVABLANDIRIR
 
-Hesabatların təqdim olunmamasına görə cərimələr İnzibati Xətalar Məcəlləsinin 318-1-ci maddəsi ilə (Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi) tənzimlənir. Həmin maddənin tələblərinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə otuz manatdan qırx manatadək miqdarda cərimə nəzərdə tutulur.
Eyni zamanda, işəgötürən müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə isə otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz 1-ci və 4-cü hesabat formalarının (“Boş iş yerləri (vakansiya) haqqında hesabat” və “İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında hesabat”) təqdim olunmamasına görə otuz manatdan qırx manatadək miqdarda cərimə nəzərdə tutulub. Aylıq hesabat forması olan “İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər haqqında hesabat”ın təqdim olunmamasına görə isə otuz beş manatdan əlli manatadək miqdarda cərimə tətbiq edilir. 3-cü forma olan “İş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hesabat” və 5-ci forma olan “İşçilərin hərəkəti haqqında hesabat”ın təqdim olunmamasına görə qanunvericilikdə hər hansı cərimə tətbiq olunması nəzərdə tutulmayıb. Fikir verdinizsə, inzibati xətaların törədilməsinə görə tətbiq  olunan cərimələrin məbləği həddən artıq aşağıdır. Yaxın zamanlarda cərimələrin artırılması ilə bağlı dövlət orqanlarına müraciət etmək niyyətindəyik. Amma bunu qeyd etmək istərdim ki, bizim məqsədimiz işəgötürənləri daha çox cərimələmək yox, onlarla yaxından əməkdaşlıq etməkdir. Cünki işaxtaranların işlə təmin olunmasına  ən çox yardım göstərən amil işəgötürənlərlə məşğulluq xidmətlərinin əməkdaşlığıdır.

Bundan əlavə bildirmək istəyirəm ki,  «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununun 17.8. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri və və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər, həmin şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün – Dövlət Sosial Müdafiə Fonduna Respublika üzrə orta aylıq əmək haqqının üç misli məbləğində vəsait köçürməlidirlər.  Yəni məşğulluq xidmətinə müraciət edən 9 kateqoriya  (əlil, qaçqın və s.) üzrə işaxtaran işlə təmin etmək üçün müəssisələrə göndərilir. Əgər işəgötürən əsassız yerə onu işlə təmin etmirsə, bu zaman məşğulluq orqanı tərəfindən akt hazırlanır. Onun bir nüsxəsi işəgötürənə verilir, digər nüsxə isə Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına göndərilir.