Nəzarət-kassa aparatlarına nəzarət necə gücləndirildi?

  • PDF faylını al

“Monitor Konsaltinq jurnalının 6-cı sayından məqalə

2009-cu ilin sonlarında sonlarında Nazirlər Kabineti 185 nömrəli qərarı ilə 1995-ci ilin 28 dekabrında 266 nömrəli qərarı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında   nəzarət-kassa  aparatlarının  (NKA) satışı, istismarı, servis, texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"sinə əlavə və dəyişikliklər edib. 01 yanvar 2010-cu ildən qüvvəyə minəcək həmin dəyişiklik və əlavələrə əsasən nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti quraşdırılacaq. Son dəyişikliklə bağlı “MK” ekspertinin şərhini diqqətinizə çatdırırıq.

DƏYİŞİKLİKLİYƏ SƏBƏB NƏ OLDU?


 Qeyd olunan dəyişikliyin 2 əsas səbəbi var. Birinci səbəb odur ki,  Vergi Sistemində 2009-cu ilin əvvəlindən etibarən “Vergi Qanunvericiliyi və inzibatçılığın təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan” həyata keçirilir. Bu plan üzrə 3 ildə vergi sistemində yeni keyfiyyət dəyişikliklərinin aparılması nəzərdə tutulur. 01 yanvar 2010-cu ildən tətbiq olunacaq elektron vergi hesab-fakturalarının tətbiqi ilə yanaşı NKA ilə bağlı dəyişikliyi də bu sıraya aid etmək olar. Vergilər nazirinin müavini Sahib Məmmədxanov “İnterfaks–Azərbaycan” agentliyinə verdiyi müsahibədə vergi inzibatçılığı sahəsində aparılan islahatlardan danışarkən bu məsələyə də toxunub: “Gələcəkdə nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə  vergi ödəyicilərinin nəzarət kassa aparatlarında elektron məsafədən ötürmə qurğularının quraşdırılmasını nəzərdə tutan layihəni reallaşdırmaq niyyətindəyik. Bunun nəticəsində nağd hesablaşmalar barədə məlumatların operativ şəkildə vergi orqanlarının məlumat bazasına ötürülməsi vergi nəzarətinin səmərəliliyinin və vergi ödəyicilərinin fəaliyyətində şəffaflığın daha da artmasına imkan verəcək”.
İkinci səbəb kimi bəzi vergi ödəyicilərinin NKA üzərində apardığı “təmizləyici” əməliyyatları göstərmək olar. Təssüf ki, hazırda bəzi vergi ödəyicilərimiz NKA-ya daxil edilən məbləğlərinin sonradan silinməsini həyata keçirir. Silinmə əməliyyatları ilə isə xüsusi firmalar məşğul olur. Həmin firmalar məbləğlərin NKA-dan silinməsini vergi ödəyicilərinin obyektlərində həyata keçirmirlər. NKA firma tərəfindən günün sonunda obyektdən götürülür və günün əvvəlində plomb pozulmadan məbləğlər silinərək müəssisəyə qaytarılır. Silinmə əməliyyatına görə ödəniləcək haqqın isə konkret məbləği yoxdur. Bu firma ilə vergi ödəyicisi arasında məbləğə uyğun olaraq müəyyənləşdirilir. Artıq yeni dəyişikliyin tətbiqindən sonra silinmə əməliyyatının həyata keçirilməsi mümkün olmayacaq. Çünki NKA-ya daxil edilən məbləğlər ötürücü qurğular vasitəsiylə Vergilər Nazirliyinin serverinə daxil olacaq.

YENİ QURĞU VƏ LENTLƏR NƏDİR?

Elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti  NKA-nın müəyyən olunmuş modellərinin istehsalını, servis, texniki xidməti və təmirini həyata keçirən firmalar tərəfindən aparata quraşdırılacaq. Elektron məsafədən ötürmə qurğusu dedikdə, elektron nəzarət lentindən və bu lentdə toplanmış məlumatların ötürücüsündən ibarət olan elektron qurğu başa düşülür. Elektron nəzarət lenti dedikdə isə, NKA vasitəsilə aparılan nağd pul hesablaşmaları barədə məlumatların enerjidən asılı olmadan mühafizəsini və uzunmüddətli saxlanılmasını təmin edən texniki vasitə anlaşılmalıdır. Elektron nəzarət lentində toplanmış məlumatların digər məlumat bazasına ötürülməsi məlumat ötürücü tərəfindən həyata keçiriləcək.  Məlumatların ötürücüsü GSM modem və ya digər rabitə vasitələri vasitəsilə həyata keçirilə bilər.

QURĞULARIN QURAŞDIRILMASINA QƏDƏR KOMİSSİYA HANSI İŞLƏRİ GÖRƏCƏK?

NKA üzrə sahələrarası ekspert komissiyası aparatın yeni modelinin dövlət reyesterinə daxil edilməsi məqsədi ilə sənədlərin siyahısını hazırlayır. Bundan əlavə, Nəzarət kassa aparatına quraşdırılacaq elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lentinin quraşdırılması, istismarı və dəyişdirilməsi haqqında təlimat hazırlanacaq. Komissiya elektron elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lentinin təchizatçısını təsdiq edəcək. Təchizatçının müəyyən olunması isə Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək və təsdiq üçün komissiyaya təqdim olunacaq.
Qeyd edək ki, NKA üzrə sahələrarası ekspert komissiyasının tərkibi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib. Həmin komissiyanın tərkibi NK-nın 1995-ci il 12 iyun tarixli
138 nömrəli qərarı ilə aşağıdakı şəkildə təsdiq olunub:
Komissiyanın sədri — vergilər naziri
Komissiya sədrinin müavini — maliyyə nazirinin müavini
Komissiyanın üzvləri:
    İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma departamentinin ticarət siyasəti şöbəsinin rəisi
    Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi
    Maliyyə Nazirliyinin Uçot siyasəti idarəsinin rəisi
    Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Elm və texnika şöbəsinin rəisi
    Dövlət Statistika Komitəsi sədrinin müavini
    Milli Bankın Nağd pulla iş departamentinin direktoru
    Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin Ölçü vasitələrinin dövlət sınağı və metroloji attestasiya şöbəsinin rəisi
    «Azərittifaq»ın sədr müavini

ELEKTRON  AVADANLIQLA TƏCHİZ OLUNMUŞ NKA HANSI OBYEKTLƏRƏ QURAŞDIRILACAQ?

Əsasnaməyə edilən əlavələr nəticəsində Vergilər Nazirliyinə müəyyən işlər tapşırılıb. Belə ki, nazirlik müəyyən elektron məsafədən ötürmə qurğularından nazirliyinin mərkəzi serverinə məlumatların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edəcək. Bundan əlavə, Vergilər Nazirliyi elektron məsafədən ötürmə qurğularını vəya elektron nəzarət lenti quraşdırılmalı olan obyektləri müəyyən edir. Mütəxəssisləri cəlb etməklə, elektron məsafədən ötürmə qurğularından ötürülən məlumatların qəbulu və emalı də nazirlik tərəfindən həyata keçiriləcək.

YENİ QURĞULARIN MALİYYƏ XƏRCLƏRİNİ KİM ÖDƏYƏCƏK?
Qərarın 4-cü bəndində qeyd olunub ki, nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının alınması və quraşdırılması xərcləri, habelə yaddaşı dolmuş lentlərin dəyişdirilməsi həmin aparatların istehlakçıları üçün ödənişsiz olaraq dövlət vergi orqanlarının büdcədənkənar fondundan bu məqsədlər üçün ayrılan vəsait hesabına, elektron məsafədən ötürmə qurğusunun istismarı ilə əlaqədar rabitə xərcləri, habelə zəruri texniki avadanlıqların alınması xərcləri isə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.  Deməli, NKA aparatı quraşdırılan müəssisələr heç bir əlavə xərcə düşməyəcəklər.
Qeyd edək ki, qərarda Maliyyə Nazirliyinə tapşırılıb ki, elektron məsafədən ötürmə qurğusunun istismarı ilə əlaqədar rabitə xərclərinin, habelə Vergilər Nazirliyi üçün zəruri texniki avadanlıqların alınması xərclərinin Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etsin və bu məqsədlə Vergilər Nazirliyi ilə razılaşdırılmış müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunsun.
Qərarın 5-ci maddəsində müəyyən edilib ki, elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılması imkanı olmayan və bu qərar qüvvəyə minənədək istehlakçıların istifadəsində olan nəzarət-kassa aparatlarında elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılarkən, həmin aparatlar onların istehlakçıları tərəfindən elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılması mümkün olan və dövlət reyestrinə daxil edilmiş digər nəzarət-kassa aparatları ilə əvəz olunur və ya elektron məsafədən ötürmə qurğularının quraşdırılmasına imkan yaradılması məqsədi ilə onların zəruri hissələri yeniləri ilə əvəzlənir.

XARAB OLDUQDA VƏ NKA QEYDİYATDAN ÇIXARILDIQDA VERGİ ÖDƏYİCİLƏRİ NƏ ETMƏLİDİRLƏR?

Əsasnaməyə edilən əlavəyə əsasən, NKA-nın plombunun bütövlüyü pozulduqda və istehlakçının qərəzli hərəkəti nəticəsində NKA sıradan çıxdıqda elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin bərpası və ya dəyişdirilməsi istehlakçının vəsaiti hesabına həyata keçiriləcək. Qeyd edək ki, bu, yalnız istehlakçının günahı ucbatından baş verdikdə onun vəsaiti hesabına həyata keçirilir. Öncə qeyd etdiyimiz digər hallarda lentlərin dəyişdirilməsi dövlət vergi orqanlarının büdcədənkənar fondunda bu məqsədlər üçün ayrılan vəsait hesabına həyata keçirilir.
Vergi ödəyəcisinin vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil verməlidir.
YENİ ELEKTRON QURĞULAR NƏ VAXT QURAŞDIRILACAQ?
Qeyd etdiyimiz kimi, quraşdırılası obyektlərin siyahısının müəyyən olunması Vergilər Nazirliyinə tapşılıb. Qərarın 3-cü bəndində NKA sifarişçilərinə və təchizatçılarına (istehsalçılarına), servis, texniki xidmət mərkəzlərinə tapşırılıb ki,  Vergilər Nazirliyi tərəfindən müəyyən edilən obyektlərdə vergi ödəyicilərinin istifadəsində olan nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılmasını 20 təqvim günü müddətində təmin etsinlər. Deməli, elektron avandanlıqların quraşdırılması məhz nazirliyinin siyahısı müəyyən olduqdan sonra 20 təqvim günü ərzində həyata keçiriləcək.

YENİ DƏYİŞİKLİK NƏ VƏD EDİR?

Nazirlər Kabinetinin qərarını yeni texnologiyaların tətbiqi və vergi ödəyicilərinin işinin şəffaflığı sahəsində görülən iş kimi qiymətləndirmək olar. Ola bilər ki, bəzi vergi ödəyiciləri bu qərarı öz işlərinə müdaxilə kimi qiymətləndirsinlər. Bu yerdə bir faktı xatırlatmaq istərdim. Yadınızdadırsa, ƏDV depozit hesabının tətbiqi zamanı da belə fikirlərə də rastlaşmışdıq. Bəs, nəticəsi nə oldu? Saxta ƏDV ödəyiciləri sıradan çıxdı, əvəzində işini düzgün həyata keçirən təşkilatlar bu ödəmələri banklara getmədən kompyuterdən istifadə edərək, ƏDV depozit hesabı vasitəsilə həyata keçirirlər. Bizə isə yalnız bunu demək qalır: Uğur olsun!