İcbari sığorta savaşı

  • PDF faylını al

HANSI ŞİRKƏTİN ƏLİ DAHA UZUNDUR?!

Ötən ilin oktyabr ayında qüvvvəyə minən "İcbari sığortalar haqqında" qanun sürücülərin və mənzil sahiblərinə maddi cəhətdən heç də ürəkaçan olmayan bir gələcək vəd etdi. Hökumətin adıçəkilən sığorta növləri ilə bağlı sərt qərarı birmənalı qarşılanmasa da, necə deyərlər, “başa gələn çəkilir”.
Bu yazımızda qərarın verilməsindən ötən 8 aylıq müddətdə onun icrası ilə bağlı zor-xoş görülən işlər, cərimələr, kampaniyalar və  Maliyyə Nazirliyinin bununla bağlı qərarı haqqında məlumat verməyə çalışacağıq.

ÇIXDIN 5-Ə, VUR 25-Ə

"İcbari sığortalar haqqında" qanun qüvvəyə minənədək bütün avtomobil sahibləri indiyədək məcburi sığortaya 10 manat ödəyirdi. Amma ötən ilin sonlarından yeni dəyişikliklərə əsasən, illik sığorta tarifi hesablananda baza sığorta haqqı 50 manat nəzərdə tutulur və bu məbləğ avtomobilin növünə görə əmsallara vurulur.  “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən, avtonəqliyyat vasitəsinin növünə görə əmsallar bir neçə kateqoriya üzrə müəyyənləşdirilib. Minik avtomobillərində bu, mühərrikin həcmindən asılıdır. Mühərrikin həcmi 50-1500 kubsantimetr olan avtomobillərdə bu əmsal 1-ə, 1501-2000 kubsantimetr üçün 1,5-ə, 2001-2500 kubsantimetr üçün 2-yə, 2501-3000 kubsantimetr üçün 2,5-ə, 3001-3500 kubsantimetr üçün 3-ə, 3501-4000 kubsantimetr üçün 3,5-ə, 4001-4500 kubsantimetr üçün 4-ə, 4501-5000 kubsantimetr üçün 4,5-ə və mühərrikin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə 5-ə vurulur.
Nəticədə, məsələn, mühərrikinin həcmi 1600 kubsantimetr olan “VAZ-2107" və ya 1800 kubsantimetr olan ”Azsamand" avtomobilləri üçün illik sığorta tarifi 75 manat, mühərrikinin həcmi 2800 kubsantimetr olan “Mercedes” avtomobillərinin sığorta tarifi isə 125 manat oldu. Yeni qaydalara görə, avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, sığorta tarifləri 20 faiz artıq hesablanır.
Göründüyü kimi, icbari sığorta tarifi ən azı 5, ən çoxu isə 25 dəfə artırılıb.

“BANA-BANA GƏL...”

Hazırda bu sığorta növü üzrə 11 şirkət (“Atəşgah” Sığorta şirkəti , “Standard Insurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta” , “AXA MBASK siğorta şirkəti”, “Azsiğorta”, “Alfa siğorta”, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”) fəaliyyət göstərir. Təbii ki, icbari sığorta tarifinin birdən-birə çox artırılması səbəbindən sürücülərin əksəriyyətinin sığorta müqaviləsi bağlamaqda maraqlı olmadığını görən sığorta şirkətləri kampaniyalara başladılar.
Misal üçün, “Standard İnsurance” icbari sığortanı onlardan əldə edən sürücülərə hədiyyə olaraq, tibb çantası, qəza üçbucağı və yanğınsöndürən təklif edir. “Qarant Sığota “Bahar kampaniyası cərçivəsində 10 faizlik endirim təklif etmişdi.  “Telefon” Mağazalar Şəbəkəsinin rəsmi saytında isə bildirilir ki, icbari sığorta əldə edənlərə 10 manatlı danışıq kartı hədiyyə veriləcək.
“Paşa Sığorta” mayın 1-dən etibarən Bakıda və ölkənin regionlarında avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortasının aktiv təbliği məqsədilə bir aylıq “İcbari sığortanızı almağa tələsin!” kampaniyasına başlayıb. Kampaniyanın şərtlərində deyilirdi ki, müştərilər sığorta polisi ilə yanaşı, Avtomobilçinin tibbi aptek çantası və 30 litrlik benzin üçün hədiyyə kuponu qazanacaq, sığorta olunmuş avtomobillərin sahibləri “Paşa Sığorta”nın mütəxəssislərindən avtomobillərin dövlət texniki baxışdan keçirilməsinə hazırlıq üzrə peşəkar məsləhətlər ala biləcəklər. Kampaniya 31 may 2012-ci ildə başa çatıb.
«AtaSığorta» şirkəti isə «Azpetrol» şirkəti ilə birgə layihənin icrasına başlamışdı. Həmin layihə çərcivəsində “AtaSığorta” şirkətində maşınlarını icbari sığorta etdirənlər hədiyyə kimi pulsuz benzin qazanırdılar.  
“Atəşgah Sığorta” da kampaniya zamanı sığortanı onlardan alan sürücülərə 10 AZN danışıq kartı vəd edirdi.
Beləliklə, kampaniyalar nəticəsində sığorta şirkətləri ilə yanaşı sürücülər də qazanırdı.

SIĞORTA KAMPANİYALARININ GÖZLƏNİLMƏZ SONLUĞU

Kampaniyaların qızğın vaxtında Maliyyə Nazirliyindən gözlənilməz qərar gəldi. Nazirlik sığorta şirkətlərinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə güzəştli kampaniyalar keçirməyi qadağan elədi.  Maliyyə Nazirliyinin qərarı mayın 15-dən tətbiq olunmağa başladı.
Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bu addımın həmin sığorta üzrə şirkətlərin ödənişlər üzrə risk etməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri bu cür kampaniyalarla tələb olunan maliyyə resurslarını israf edirlər: “Şirkətlər sığorta növü üzrə xərcləri artırmaqla ödənişləri risk altına atırlar. Əgər şirkətlər əllərinə keçən pulları belə kampaniyalara sərf etsələr, bəs ödənişi necə edəcəklər?”
N. Xəlilov bu qərarın ödənişlər edilmədiyi təqdirdə “Dövlət niyə sığorta şirkətlərinə nəzarət etmirdi?” sualı ilə qarşılaşmamaq üçün verildiyini deyib.

“SIĞORTA QƏZASININ” CƏZASI

İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tələbinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat miqdarında, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150-200 manatadək cərimə edilir.
Bundan əlavə, icbari sığortası olmayan maşınların satışı zamanı notariuslar əməliyyatlar aparmırlar və notariusda yerləşən sığorta şirkəti filialında icbari sığortasnı həyata keçirməyi tələb edirlər. Qeyd edək ki, notariuslarda yalnız bir sığorta şirkəti - “Atəşgah Sığorta” fəaliyyət göstərir.
Qaldı mənzillərin icbari sığortasına, bu sahədən hələ ki, bir səs-soraq yoxdu. Nə kampaniya aparan var, nə də sığort etdirən. Molla Nəsrəddinin sözü olmasın, deyəsən, onun səsi sonra çıxacaq.