Əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətin fərqli hal zamanı hesablanması

Əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətin fərqli hal zamanı hesablanması

Sual: Bir daha sizi salamlayırıq Monitor Konsaltinq şirkətinin əməkdaşları, Oxucuların çoxsaylı suallarının cavablandırılmasında göstərdiyiniz köməkliyə görə sizə minnətdarıq. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi ilə bağlı sualımız var idi, cavablandırılmasına köməklik etməyinizi xahiş edirik.
Şirkətin əməkdaşı 02.05.2018 tarixindən 13.05.2018 tarixinədək (7 iş günü) xəstələnmiş və əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmişdir. İşçi 02.03.2018 tarixindən əmək müqaviləsi ilə rəsmiyyətə alınmışdır, yəni mart ayındakı 16 iş günündən 15 iş günü çalışmışdır. İşçinin ümumi sosial sığorta stajı 6 aydan çoxdur. Lakin 02.03.2018-dən əvvəl təqribən 15 ay rəsmi işləməmişdir.

Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi üçün 1 günə düşən qazanc necə hesablanır? Yəni son 12 ayın gəlirinə görə hazırda işlədiyi mart və aprel ayının hesablanmış əmək haqqıları mart və apreldə işlədiyi faktiki 35 iş gününə bölünür, yoxsa 2017 və 2018-ci illərin istehsalat təqvimlərinə görə son 12 aya düşən may 2017-aprel 2018 aylarının cəmi 242 iş günlərinə bölünməlidir? (Hər 2 halda 2018-ci ilin mart ayı 16 iş günü götürülür, yoxsa 15 işlənmiş iş günü?)

Hörmətlə,
Vüsal Rzayev

Cavab: Bu sualla bağlı açıqlamaları “Əmək Münasibətləri A-dan Z-yə” kitabının müavinətlərlə bağlı bölməsində təqdim etmişik. Xüsusi hal olduğu üçün bir daha cavablandırırıq. Bu məsələlər Azərbaycan Respublİkası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Qərarı ilə tənzimlənir. Qərardan çıxarışa baxaq:

“Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır”.
Qaydalardan da göründüyü kimi son 12 tam ay götürülür. Sualdan belə çıxır ki, işçi son 12 ayda - 02.03.2018-dən 02.05.2018-ci ilə kimi 2 ay işləmişdir. Əvvəlki 10 ay isə işləməmişdir. Bütün hallarda iki ayın qazancı əvvəlki tam 12 ayın iş günlərinə bölünməlidir. Əvvəlki iş yerindən müvafiq arayışa əsasən qalan 10 ayın da qazancını haqq-hesab cədvəlinə əlavə etməklə DSMF-yə təqdim oluna bilər. Amma sualdan görünür ki, işçi əvvəlki 15 ay işləməmişdir, belə olanda mart, aprel cəmlənir və bölünür əvvəki 12 ayın iş günlərinə. Sualın ikinci hissəsinə gəlincə, martda olan 1 gün (15 və ya 16 gün) məsələsinə konkret baxmaq lazımdır. Yəni, qaydalarda elə hallar nəzərdə tutulur ki, müəyyən M.S.S.H. hesablanılmayan günlər hesablamalarda azaldılır.
Qaydalardan çıxarış:
“Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;
- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər”.
Əgər həmin 1 gün yuxarıdakı siyahıya düşürsə, onda martda iş günləri kimi 16 yox, 15 gün nəzərə alınmalıdır.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

1 Komment

  1. Natiq piriyevv 29 İyul 2021

    Salam mən hal hazırda xəstədəxanada yatıram ancaq işlədiyim muesseyede xəstə olduğumu və buluten təqdim edəcəyimiz bildirmişəm.Muessise isə deyirki mənim yerimə işçi götürmelidir ancaq ştatda yer yoxdur.menim ərizə yazılıb işdən çıxmağını deyirlər.bele halda mən nə etməliyəm və şikayətimi hara və necə deməliyəm xaiş edirəm mənə köməklik edəsiniz.Cavabinizi gözləyirəm təşəkkürlər.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər