Hansı halda mülki hüquqi müqavilə üzrə münasibətlər əmək münasibətləri hesab edilməlidir?

Hansı halda mülki hüquqi müqavilə üzrə münasibətlər əmək münasibətləri hesab edilməlidir?

 

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

2 aprel 2021-ci il tarixli, 286-VIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər həyata keçirilib, “əmək münasibətləri” anlayışının tərifi (tanımı) verilib, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi təsbit olunub, eyni zamanda, xidmət müqaviləsinin deyil, əmək müqaviləsinin bağlanılması halları konkretləşdirilib.

Dəyişikliklərdən sonra Əmək Məcəlləsində əmək  münasibətlərinə verilən tərif bu şəkildədir: “Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.”

Qeyd edək ki, Əmək Məcəlləsində “əmək münasibətləri” anlayışının tərifinin verilməməsi başadüşülən deyildi. Çünki əmək münasibətləri əmək hüququ nomaları ilə tənzimlənən ictimai münasibətlərin nüvəsində dayanır. Anlayışın tərifi verilməsə də, Əmək Məcəlləsində “əmək münasibətləri” ifadəsinə 79 dəfə istinad olunurdu.

Müqayisə üçün Rusiyanın Əmək Məcəlləsində əmək münasibətləri anlayışına verilən tərifi də təqdim edirik: “Əmək münasibətləri – işəgötürən və işçi arasında bağlanan, işçi tərəfindən müəyyən haqq müqabilində əmək funksiyalarının (ştat cədvəlinə, peşəsinə, dərəcəsi göstərilməklə ixtisasına uyğun vəzifələr və konkret tapşırıqlar üzrə) yerinə yetirilməsi barədə işəgötürənin maraqları, idarəetməsi və nəzarəti altında və əmək şəraitini təmin etməsi çərçivəsində işçinin daxili əmək intizamına əməl etməsi, əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan, kollektiv müqavilələrdə, razılaşmalarda, lokal normativ aktlarda təsbit olunan əmək hüququ normalarını əks etdirən əmək müqaviləsinə əsaslanır.”

Qeyd olunan qanunla Əmək Məcəlləsinə edilən daha bir dəyişiklik (əlavə), əgər belə demək mümkünsə, konkret meyarlar məüyyənləşdirmək yolu ilə mülki hüquqi müqavilə və əmək müqaviləsi arasında qırmızı xəttin çəkilməsidir. Əmək Məcəlləsinin 7-ci maddəsində edilən həmin dəyişiklikləri (əlavələri) təqdim edirik:

“2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;

2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;

2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.”

Göründüyü kimi artıq Əmək Məcəlləsində konkret 8 hal nəzərdə tutulub ki, həmin hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

Nəhayət, Əmək Məcəlləsinə sonuncu əlavə yazılı əmək müqaviləsinin bağlanılması tələbidir: “2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.”

Beləliklə, yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.

Qanunvericiliyə müvafiq olaraq əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi vəziyyəti vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yoxlanılır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər