Səhifəni çap et
Cümə, 27 Noyabr 2020 09:48

Müharibə zamanı xəsarət alan işçiyə MÜAVİNƏT necə hesablanmalıdır?

Hazırda qismən səfərbərliklə bağlı qərara uyğun orduya cağrılan işçilərin tərxis olunub, işə qaytması prosesinə başlanılıb. Bu məsələdə maraqlı məqamlardan biri də aldığı xəsarətin dərəcəsindən asılı olmayaraq yaralı işçilərə müavinətin hesablanmasıdır.

Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilən "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 22-ci maddəsinə əsasən, işçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir.

Həmçinin, əsasnamənin 23-cü maddəsində də qeyd edilir ki, müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.

Maddəni misalla izah edək.

Tutaq ki, işçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəvəti ilə hərbi toplanışa cəlb olunub. Bununla bağlı iki hala baxaq: Müddətli və müddət göstərilmədən hərbi toplanış dövrü.

Hərbi toplanış müddətli olarsa, o zaman işçiyə toplanışdan geri qayıtmalı olduğu dövrdən müavinət hesablanmalıdır. Misal üçün, hesab edək ki, 10 günlük hərbi toplanışına dəvət olunan işçi toplanışın dördüncü günündən etibarən əmək qabiliyyətini 15 günlük itirib. Bu halda işçiyə toplanışdan qayıtmalı olduğu gündən sonrakı günlərə görə, yəni 9 günə (15-(10-4)) düşən iş günlərinə görə müavinət hesablanmalıdır.

İkinci halla bağlı bildirmək istəyirik ki, hazırda müharibədə olan işçilərlə bağlı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cağırış sənədində geri qayıtma tarixi qeyd edilməyib. Dövlət Xidmətinin hər hansı tarixdən qismən səfərbərliyə cəlb olunan işçilərin geri qaytarılması ilə bağlı qərar verməsi mümkündür. Həmin tarixdən sonra işçinin əmək qabiliyyətini itirməsi halı davam edərsə, o halda işəgötürən tərəfindən müavinətin hesablanması həyata keçirilməlidir.

 “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA