Gecə vaxtında iş rejimi iki halda mümkündür: yalnız gecə növbəsində işləyənlər (mühafizəçi, gözətçi və s.) və növbəli iş rejimində işləyənlər (kassirlər, sorğu mərkəzinin əməkdaşları, bəzi dövlət orqanlarının (təcili yardım, polis, fövqalədə hallar və s.) müəyyən işçiləri və s.). Bu rejimdə çalışanlara əməkhaqqının hesablanması ilə bağlı sualları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əvvəlcə gecə növbəsində işləyənlərin əməkhaqlarının hesablanması qaydasını nəzərdən keçirək. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işə əməkhaqqı işəgötürən tərəfindən,Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaq şərti ilə ödənilir.

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilib.