Cümə, 06 Noyabr 2020 05:50

Təsisçidən götürülən borc məbləğindən vergi tutulur?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Praktikada çox rast gəlinən, vergi ödəyiciləri ilə vergi orqanları arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də təsisçilərdən borcun alınması zamanı vergilərin hesablanmasıdır. Vergi orqanlarının fikrincə, hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.
Rəsmi yanaşma belədir ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Vergi orqanlarının yekun fikri belədir ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Fikrimizcə, vergi ödəyiciləri mübahisələrdən yayınmaq üçün uyğun variant kimi, nizamnamə kapitalının artırılması kimi qoyuluş edə bilər. 2-ci variant kimi, təsisçidən borc alınmasını bir ümumi borc müqaviləsi çərçivəsində tənzimləmək və ya hər dəfə borc verildikcə, yeni müqavilə bağlamaqla rəsmiləşdirmək olar. Faizdən ödəmə mənbəyində verginin tutulmasına gəlincə isə, borc faizlərindən ödəmə mənbəyində vergi ancaq faizlər ödənilən zaman tutulur. Əgər hüquqi şəxs təsisçiyə faiz ödəməyibsə, o zaman ödəmə mənbəyində vergi öhdəliyi də yaranmayacaq.
Qeyd edək ki, borc müqaviləsinin 4 formada nümünəvi forması kitabın “Praktiki sənədlərin nümunəvi formaları” bölməsində yerləşdirilib.

 
 
 

Şərh yazın