Bazar ertəsi, 26 Oktyabr 2020 07:03

İşçi əmək qabiliyyətini itirməsi haqqında öncədən işəgötürəni məlumatlandırmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Ən ciddi problem işçinin əmək qabiliyyətinin itirilməsinin başlanma tarixinin öncədən müəyənləşdirməyin çətinliyidir. İstər Əmək Məcəlləsində, istərsə də qaydalarda işçinin əmək qabiliyyətini itirməsi haqqında işəgötürəni məlumatlandırması haqqında hər hansı qeyd yoxdur.
Misal. “A” MMC-nin xəzinədarı işə vaxtında gəlmir və zəng edərək bildirir ki, əmək qabiliyyətini itirdiyinə görə işə çıxa bilməyəcək, tam sağaldıqdan sonra işə çıxmaması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edəcək. Təbii ki, bu cür hallarda işəgötürənin işin planlaşdırılması ilə bağlı problemləri yaranır.

Mks.az saytı olaraq bu məsələ ilə bağlı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı məzmunda sualla rəsmi şəkildə müraciət etmişik: “Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi əmək qabiliyyətini müvəqqəti itirməsi halında işə gəlməmək hüququndan istifadə edir. Adətən işçinin əmək qabiliyyətini itirməsi onun sağaldıqdan sonra təqdim etdiyi sənəd əsasında müəyyən olunur. İşəgötürən işçidən əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi öncədən tələb etmək hüququna malikdir, yoxsa işçi tam sağaldıqdan sonra sənədi təqdim etməlidir?”
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin imzaladığı 23 avqust 2019-cu il tarixli məktubla aşağıdakı cavab verilib: “İşçinin əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi hansı müddət ərzində təqdim edilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 33-cü və 34-cü hissələrinə əsasən Xəstəlik vərəqələri stasionar müalicəsindən başqa əmək qabiliyyətinin itirilməsi təyin olunduğu gündən verilir.Əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin “davamını” verir. Birinci xəstəlik vərəqəsində isə “işə başlamalı” qrafasında xəstəlik vərəqəsinin “davamını” verməsi haqqında qeyd edir.”
Cavabdan göründüyü kimi, işçinin xəstəlik kağızını hansı müddətdə təqdim etməsi haqqında hər hansı konkretlik yoxdur. Təcrübədə işçilər əmək qabiliyyətlərini müvəqqəti itirmələri haqqında öncədən şifahi məlumat verirlər və sağaldıqdan sonra xəstəlik vərəqəsini işəgötürənə təqdim edirlər. İşəgötürən də həmin xəstəlik vərəqəsi üzrə hesablamaları həyata keçirir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Şərh yazın