Cümə axşamı, 09 İyul 2020 06:46

İşçi əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirdikdə məzuniyyət necə hesablanır?

Hazırda satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətini müvəqqəti itirməsidir. Bu məsələ ilə bağlı iki fərqli fikir mövcuddur. Bir qrup mütəxəssislər hesab edirlər ki, işçi məzuniyyət dövründə əmək qabiliyyətini itirərsə, əmək məzuniyyətinin müddəti həmin dövr qədər uzadılmalıdır. Çünki işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə edə bilməyib.
İkinci qrup mütəxəssislər isə belə hesab edirlər ki, işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi işçinin əmək funksiyasının həyata keçirmədiyi dövrdə baş verdiyi üçün, işəgötürən əmək məzuniyyətinin vaxtının uzadılması məsələsində məcburi yox, könüllü qərar verir.

Məsələ ilə bağlı mks.az saytının sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xidmət rəis müavini Məhərrəm Məhərovun imzaladığı 12 mart 2013-cü il tarixli rəsmi cavab belədir: “Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.
Qaydalar və Əmək Məcəlləsindən belə aydın olur ki, əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin itirilməsinə görə müavinət birmənalı olaraq ödənilməlidir. Həmin dövr qədər məzuniyyət müddətinin uzadılması və ya başqa tarixə keçirilməsi artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun həyata keçirilir.
Misal. “A” MMC-nin işçisi 1 oktyabrdan 30 oktyabr 2019-cu il tarixə kimi əmək məzuniyyətinə çıxıb. İşçi 10 oktyabr 2019-cu il tarixdə əmək qabiliyyətini 14 günlük itirib. İşçi 25 oktyabr 2019-cu il tarixdə işə yerinə sənəd təqdim edərək bildirir ki, əmək qabiliyyətini 14 günlük itirdiyinə görə 31 oktyabr 2019-cu il tarixdə yox, 13 noyabr 2019-cu il tarixdə işə çıxacaq. Təbii ki, işçinin təkbaşına belə qərar verməsi düzgün hesab edilə bilməz. Bu cür qərar hər iki tərəfin razılığı ilə olmalıdır. İşəgötürən əsaslandırsa ki, işçi 31 oktyabr 2019-cu il tarixdən işə başlamalıdır, bu halda işçi həmin tarixdən işə qayıdacaq. İşçi əmək qabiliyyətini itirdiyinə görə istifadə etmədiyi 14 günlük məzuniyyəti isə başqa tarixlərdə istifadə edəcək.
Misalımızın davamına baxaq. Əgər işçi əmək qabiliyyətini 26 oktyabrda 2019-cu il tarixdə 10 günlük itirsə, bu halda işə başlama tarixi 31 oktyabr 2019-cu il olmayacaq. İşəgötürən xəstəlik vərəqəsi təqdim edəcək işçinin sağalmasını gözləməyə borcludur.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın