Cümə, 22 May 2020 05:32

İş vaxtının cəmlənmiş uçotu rejimi: Bayram günləri işləyən işçiyə əmək haqqının hesablanması

Anar Bayramovun müəllifi olduğu "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Mümkün haldır ki, işçinin iş vaxtının cəmlənmiş uçotu rejimində iş vaxtı bayram günlərinə təsadüf etsin. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, aylıq maaş alan işçilər istirahət günü işə cəlb edilərsə, əmək haqqı aşağıdakı iki hal üzrə hesablanır:

1) İş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla.
Açıqlama: İşəgötürənin təqdim etdiyi iş vaxtının cəmlənmiş uçotuna əsasən 500 manat əmək haqqı alan işçi 20 iş günü olan noyabr ayında 159 saat işləməlidir. Ayın nəticələrinə əsasən, işçi 159 saatdan az olmamaqla işləyib. Amma işçinin işdə olduğu bir iş günü 9 noyabr 2019-cu il – Dövlət Bayrağı Gününə təsadüf edib. Bu zaman işçinin əmək haqqısı aşağıdakı kimi hesablanacaq:
İşçinin istirahət günü işə cəlb edilməsinə görə hesablanan əmək haqqı= 500 manat / 20 iş günü= 25 manat.

2) İş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Açıqlama: İşəgötürənin təqdim etdiyi iş vaxtının cəmlənmiş uçotuna əsasən 500 manat əmək haqqı alan işçi 20 iş günü olan noyabr ayında 159 saat işləməlidir. Ayın nəticələrinə əsasən, işçi 162 saat, yəni aylıq iş normasından çox işləyib. İşçinin işdə olduğu bir iş günü 9 noyabr 2019-cu il – Dövlət Bayrağı Gününə təsadüf edib. Bu halda həmin gün üçün işçinin əmək haqqı aşağıdakı kimi hesablanacaq:
İstirahət günündə işə cəlb edilməsinə görə əmək haqqı = (500 manat / 20 iş günü) x 2 misli= 50 manat.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 
 
 

Şərh yazın