Nazirlər Kabinetindən HR və mühasiblərin işini düyünə salacaq QƏRAR

Nazirlər Kabinetindən HR və mühasiblərin işini düyünə salacaq QƏRAR

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun  31 mart 2020-ci il tarixli, 122 saylı qərarına əsasən, "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilib. Qeyd edək ki, həmin qərara əsasən,  Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Maraqlıdır ki, əksər işəgötürənlər qərara uyğun olaraq, işçiləri tabel uçotunda  mart ayının 29-31 günləri qeyri-iş günü hesab edilib. 122 saylı qərarda həmçinin qeyd edilir ki, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması DƏYİŞİLDİRİLMİR. Artıq HR və mühasiblər həm mart həm də aprel ayı üçün 2020-ci ilinin istehsalat təqvimi üzrə günləri əsas götürülməlidirlər.

Həmin qərarı diqqətinizə çatdırırıq:

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart - 20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın; 

1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 mart 2020-ci il № 122

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

4 Komment

  1. Sadiq 03 Aprel 2020

    Bilmək istərdik ki, altıgünlük iş həftəsində çalışanlar üçün mart ayında iş günlərinin sayı neçə gündür. Bu bizə vergi orqanı tərəfindən göndərilmiş cədvəlin Mart ayı üzrə iş günlərinin sayı qrafasını doldurmaq üçün lazımdır.

  2. Sadiq 04 Aprel 2020

    Deyə bilərsinizmi 2020-ci ilin mart ayında 6 günlük işləyənlər üçün neçə iş günü olmalıdır.

  3. Aybəniz 06 Aprel 2020

    Bilmək istərdik ki, altıgünlük iş həftəsində çalışanlar üçün mart ayında iş günlərinin sayı neçə gündür.

  4. Şahin 30 Aprel 2020

    Əsas məsələ: 122 nömrəli qərarın 1.2. bəndində nəzərdə tutulan istirahət günləri və həmin günlərin ödənişləri necə tənzimlənəcək?

Şərh yazın

Xəbərlər