Bir qayda olaraq, həmkarlar ittifaqına üzvlük əməkhaqqı fondunun 2 faizi həcmində həyata keçirilir və üzvlük haqqının neçə faiz olması həmkarlar ittifaqının nizamnaməsinə uyğun müəyyənləşdirilir. Mövzunu İqtisadçı ekspert Anar Bayramov şərh edir.

"Həmkarlar ittifaqları haqqında" Qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibat vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.

Qeyd edək ki, əvvəllər müddət müəyyən edilməsə də, son dəyişikliklərdən sonra qanunvericiliyə konkret 4 iş günü ərzində ödənilməsi tələbi salınıb.

İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibat vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI