Xidməti ezamiyyətdə olan işçinin əmək haqqı fərqli hesablanmalıdır?

Xidməti ezamiyyətdə olan işçinin əmək haqqı fərqli hesablanmalıdır?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Son dövrlərin çox müzakirə olunan məsələlərindən biri də, xidməti ezamiyyətdə olan işçinin əmək haqqının hesablanması qaydasıdır. Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi halda işçinin orta əmək haqqı saxlanılmalıdır.

Bu maddəyə fərqli yanaşmalar mövcüddür. Bəziləri hesab edirlər ki, maddənin bu şəkildə olması praktiki deyil, eyni zamanda mühasiblərə əlavə yük yaradır. Cünki aylıq əmək haqqınının hesablanması zamanı işçinin ezamiyyətdə olduğu günlərə fərqli yanaşma tələb edilir.

Əmək münasibətləri üzrə ixtisaslaşmış bəzi mütəxəssislər isə hesab edirlər ki, Əmək Məcəlləsinin tələbi olduğu üçün işəgötürən aylıq əmək haqqı hesablayarkən, işçinin ezamiyyə olduğu günlərə görə fərqli hesablama həyata keçirməlidir.

Misal. “A” MMC işçisini 2019-cu ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərib. İşçinin noyabr və oktyabr ayları üzrə əmək haqqı 800 manat təşkil edib. Dekabr ayına düşən ezamiyyə günləri üçün işçinin əmək haqqını hesablayaq.

Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqlarının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İndi misalımız üzrə mərhələli hesablamanı həyata keçirək:

  • Oktyabr ayı üzrə iş günlərin sayı və əmək haqqı - 23 gün və 800 manat
  • Noyabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat
  • Dekabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat
  • Dekabr ayında işçinin ezamiyyətdə olduğu iş günlərinin sayı - 5 gün

Ezamiyyə üzrə orta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması qaydası aşağıdakı kimi olacaq:

  1. 1 günlük orta əmək haqqının hesablanması - (800 manat (oktyabr ayı üzrə əmək haqqı) + 800 manat (noyabr ayı üzrə əmək haqqı))/(23 gün (oktyabr ayı üzrə iş günlərin sayı) +20 gün (noyabr ayı üzrə iş günlərin sayı))= 37.21 manat
  2. Ezamiyyədə olan günlər üzrə əmək haqqı – (37,21 manat (1 günlük orta əmək haqqı) x 5 gün (ezamiyyədə olan iş günlərin sayı) = 186,05 manat
  3. Dekabr ayı üzrə işçinin ezamiyyədə olmadığı günlərə görə əmək haqqı – (800 manat (dekabr ayı üzrə əmək haqqı) / 20 gün (dekabr ayı üzrə iş günlərin sayı) x 15 gün (ezamiyyə günləri istisna olmaqla, digər iş günləri) = 600 manat
  4. Dekabr ayı üzrə cəmi əmək haqqı – (186, 05 manat (ezamiyyə günləri üzrə əmək haqqı) + 600 manat (ezamiyyədə olmadığı günlərə əmək haqqı) = 786,05 manat

Göründüyü kimi, bizim misalda işçiyə dekabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 gün ezamiyyədə olması səbəbindən hesablanan əmək haqqı 786, 05 manat təşkil etdi. İşçiyə az əmək haqqının hesablanmasının səbəbi orta əmək haqqının hesablanması zamanı nəzərə alınan oktyabr ayı üzrə iş günlərinin (23 gün) sayının dekabr ayı üzrə iş günlərinin (20 gün) sayından çox olmasıdır.

Təbii ki, orta əmək haqqının saxlanması qaydası ilə hesablamlarda bəzi hallarda işçinin ezamiyyədə olduğu ayda əmək haqqı arta bilər. Buna səbəb işçinin ezamiyyədə olduğu ayda iş günlərinin əvvəlki 2 aya nisbətən çox olması və ya əvvəlki iki ayda daha çox əmək haqqı fonduna malik olmasıdır.

Fikrimizcə, ezamiyyə günlərinin bu cür hesablanması həm işçi, həm də işəgötürənlərdə narazılıq yarada bilər. O səbəbdən də, Əmək Məcəlləsinə hazırlanacaq dəyişikliklərdə bu tip məsələlər nəzərə alınmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər