İşəgötürən intizam tənbehini ləğv edə bilər? (3 halın misallarla izahı)

İşəgötürən intizam tənbehini ləğv edə bilər? (3 halın misallarla izahı)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

İşəgötürən tərəfindən verilən intizam tənbehinin qüvvədən düşməsinin üç növü var:

Birincisi, intizam tənbehinin qüvvədə olması müddətinin başa çatmasıdır. Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

Misal. İşəgötürən 1 may 2019-cu il tarixdə işçiyə töhmət verir. Artıq həmin intizam tənbehinin qüvvədən düşmə vaxtı 31 oktyabr 2019-cu il tarixi hesab edilir

İkincisi, işəgötürənin verdiyi intizam tənbehini ləğv etməsidir. Əmək Məcəlləsinin 190-cı maddəsinin ikinci hissəsinə əsasən, işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

Misal. İşəgötürən satış göstəriciləri zəif olan işçiyə 2019-cu ilin may ayında töhmət verir. Amma işçinin iyun və iyul ayı üzrə satış göstəriciləri kifayət qədər yüksək olduğu üçün, işəgötürən avqust ayında qərar verir ki, may ayında verilən intizam tənbehi ləğv olunsun.

Üçüncü hal odur ki, işəgötürən işçiyə intizam tənbehi tətbiq etdikdən sonra, onu hansısa formada mükafatlandırır. Əmək Məcəlləsinin 190-cu maddəsinin dördüncü hissəsinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Misal 1. İşəgötürən sentyabr ayında intizam tənbehi tətbiq etdiyi işçiyə oktyabr ayında  əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirilməsi səbəbindən 500 manat mükafat verir. Artıq işçiyə bu cür mükafatın verilməsi onun intizam tənbehinin qüvvədən düşməsi deməkdir.

Misal 2. İşəgötürən avqust ayında intizam tənbehi tətbiq etdiyi işçiyə 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə 100 manat mükafat təqdim edir. Bu cür mükafatın verilməsi intizam tənbehinin qüvvədən düşməsinə səbəb olmur. Çünki Əmək Məcəllsəinin 185-ci maddəsinə əsasən, verilən həvəsləndirici mükafat əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərə verilir.  Bayramla bağlı verilən mükafat bu kateqoriyaya aid edilmir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər