Bazar ertəsi, 27 Aprel 2020 08:15

Dəyişiklik: Hansı halda vergi ödəyicisinin ödədiyi nağd vəsait aylıq limitə aid edilməyəcək? (Misalla izah)

 Milli Məclisə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə təqdim edilib. Həmin layihəyə əsasən,  vergi ödəyicilərinin aylıq limitinə dəyişiklik edilməsi nəzərdə tutulan 3.3-1-ci maddəsinin əlavə olunması təklif edilir:

"3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.".

Açıqlama: Cari qanunvericiliyiə əsasən,  ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.  Təbii ki, Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla. 

Təklif olunan dəyişiklikdə nəzərdə tutulur ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün istisnalar nəzərdə tutulsun. 

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilməsi təklif edilir. Amma bu cür ödənilən nağd vəsaitin məbləği 15 000 və ya 30 000 manatlıq həddə aid edilməyəcək.

Misal.  Vergi ödəyicisi mülki hüquqi xarakterli müqavilələr əsasında pambıq yığımında iştirak edən 80 nəfər işçiyə gündəlik olaraq 20 manat ödəniş edir. İşçilər 15 gün ərzində işlədiyi üçün vergi ödəyicisinin nağd əməliyyatları 24 000 ( 80 nəfər x 20 manat x 15 gün) manat təşkil edəcək. Təklif olunan dəyişikliyə əsasən, ödənilən 24 000 manat vergi ödəyicisinin Qanunla müəyyənləşdirilən ümümi nağd əməliyyat (15 000 və ya 30 000 manat) həddinə təsir etməyəcək.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda 

 
 
 

 

 

Şərh yazın