Çərşənbə, 22 Aprel 2020 08:10

Vahid Bəyannamədə əmək məzuniyyəti üzrə kompensasiya niyə başqa bölmədə qeyd edilir?

Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 

Fikrimizcə, işçinin işləmədiyi günlər haqqında kifayət qədər məlumat verdik. İndi isə, təcrübədə ən çox rast gəlinən istifadə olunmamış məzuniyyətə görə hesablanan kompensasiyanın bəyannamədə qeyd olunması haqqında ətraflı məlumat verək.

Xatırladaq ki, əvvəlki bəyannamədə istifadə edilməyən məzuniyyətin qeyd olunmaması probleminin mövcüdluğu barədə kitabımızın ilk nəşrində də məlumat vermişdik.  Problemin yaranma səbəbi o idi ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilirdi.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu ildən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır. Kompensasiya üzrə sosial sığorta haqqı hesablandıqda  200 manata qədər 3 və 22 faiz hesablanmalı, həmin məbləğdən yuxarı hissəyə isə 10 və 15 faiz tətbiq edilməlidir.

Göründüyü kimi, istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiyadan əmək haqqının əlavəsi kimi icbari ödənişlər hesablanmır. Kompensasiya məbləğinə hər il üzrə ayrılıqda vergitutma obyekti kimi baxılır. O səbəbdən də, kompensasiya məbləğinin bəyannamədə ayrıca əks olunmasına ehtiyac var.

 

Şərh yazın