Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Burada işçilərin yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi hallar nəzərdə tutulur. Həmin maddəyə fərqli yanaşmaların mövcüd olduğunu deyən iqtisadçı ekspert Anar Bayramov məsələyə aydınlıq gətirib.

Bəziləri hesab edir ki, maddənin bu şəkildə olması praktiki deyil, eyni zamanda mühasiblərə əlavə yük yaradır. Çünki aylıq əməkhaqqının hesablanması zamanı işçinin ezamiyyətdə olduğu günlərə fərqli yanaşma tələb edilir. Əmək münasibətləri üzrə ixtisaslaşmış bəzi mütəxəssislər isə hesab edirlər ki, Əmək Məcəlləsinin tələbi olduğu üçün işəgötürən aylıq əməkhaqqı hesablayarkən, işçinin ezamiyyə olduğu günlərə görə fərqli hesablama həyata keçirməlidir.