Cümə axşamı, 15 Avqust 2019 04:52

Fərdi sahibkar özünə əmək haqqı hesablaya bilər?

Vergi Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, əməkhaqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əməkhaqqının alınması ilə bağlı xərcləri gəlirdən çıxılmır. Sual yaranır ki, fərdi sahibkarlıqla məşğul olan şəxslər özünə əməkhaqqı hesablaya bilərmi? 

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özü ilə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əməkhaqqı da hesablanıla bilməz. Bu səbəbdən, fərdi sahibkar olan fiziki şəxsə əməkhaqqı hesablanılması yanlışdır. Amma "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, fərdi sahibkarın fəaliyyət növündən asılı olaraq, minimum əməkhaqqının müəyyən faizi həcmində aylıq məcburi dövlət sosial sığorta haqqı (sabit məbləğ) gəlirdən çıxılır.

Fərdi sahibkar müvafiq qaydada vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra yerdə qalan məbləği öz şəxsi məqsədləri üçün istifadə etmək hüququna malikdir.

Məsələn, tutaq ki, sadələşdirlmiş verginin ödəyicisi vergi öhdəliklərini həyata keçirdikdən sonra qalan 300 manatı fərdi istehlak nümunəsi kimi öz şəxsi maşınının təmirinə xərcləyib. Onun buna hüququ var. Lakin bu əməliyyat rəsmiləşdirilsə belə, onun maşının təmirinə çəkdiyi xərc gəlirdən çıxılan xərclərə aid edilmir.

Fəxriyyə İKRAMQIZI

Şərh yazın